Biznes qurmaq istəyənlərə şad xəbər – xərclər azalır

Biznesə başlamaq xərclərinin azaldılması sahibkarlıq təşəbbüslərinin artmasına, xüsusilə mikro və kiçik bizneslərin fəaliyyətə başlamasına müsbət təsir göstərə bilər. Bu cür dəstək bütün sahibkarlar üçün faydalı olsa da, maliyyə imkanları məhdud olanlar üçün daha böyük əhəmiyyət daşıyır. Bəs xərclərin azaldılması məhsulların maya dəyərinə və satış qiymətlərinə nə dərəcədə təsir edəcək?

Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, sahibkarların xərclərini azaldan bütün tədbirlər müsbət qiymətləndirilməlidir. Onun sözlərinə görə, əsas məqsəd biznesə başlamaq üçün mövcud maliyyə baryerlərini aşağı salmaqdır.

“Sahibkarın xərcini aşağı salan bütün tədbirləri alqışlayıram. Sahibkarın xərci aşağı olanda həmin xərclər dolayı yolla sonradan istehlakçıya da təsir edə bilər. Amma burada əsas məqsəd əhalini düşünərək bu addımın atılması deyil. Məqsəd biznesə başlamaq xərclərinin yüksək olması səbəbindən yeni təşəbbüslərin qarşısının alınmamasıdır.”

Ekspert qeyd edib ki, biznesə başlamaq üçün tələb olunan yüksək ilkin xərclər sahibkarların bir qismini bu təşəbbüsdən çəkindirə bilər.

“Sahibkar görür ki, biznesə başlamaq üçün müəyyən qeyri-müəyyənliklər var, elektrik enerjisi xəttinin çəkilməsi böyük xərc tələb edir, ümumilikdə biznesə başlamaq üçün ciddi maliyyə vəsaiti lazımdır. Bu zaman həmin təşəbbüsdən imtina edə bilər. Ona görə də biznesə başlama xərclərinin azaldılması məqsədəuyğun və müsbət addımdır.”

Xalid Kərimli vurğulayıb ki, bu dəstək bütün sahibkarlar üçün faydalı olsa da, mikro və kiçik bizneslər üçün daha əhəmiyyətlidir:

“Belə dəstəkdən bütün sahibkarlar faydalana bilər. Amma xüsusilə mikro və kiçik sahibkarlar üçün bu daha əhəmiyyətlidir. Çünki onların maliyyə və resurs imkanları məhduddur. Böyük imkanlara malik sahibkarlar üçün bu dəstəyin həyati əhəmiyyəti olmaya bilər, amma mikro və kiçik bizneslər üçün ciddi fərq yarada bilər.”

İqtisadçı ekspertin sözlərinə görə, ilkin xərclərin azaldılması məhsulların maya dəyərinə müəyyən təsir göstərsə də, bunun satış qiymətlərində ciddi ucuzlaşmaya səbəb olacağını gözləmək doğru deyil. Çünki söhbət davamlı deyil, birdəfəlik xərclərdən gedir.

“Birdəfəlik xərclər amortizasiya vasitəsilə sahibkarın məhsulunun maya dəyərində nəzərə alınır. Amma bu, davamlı xərc deyil. Ona görə də düşünmək olmaz ki, həmin xərcin azalması məhsulun satış qiymətinə ciddi təsir göstərəcək.”

Ekspert hesab edir ki, bu addımın əsas təsiri məhsulların qiymətindən daha çox, yeni bizneslərin yaranmasına və sahibkarların fəaliyyətə başlama qərarına təsir göstərəcək:

“Biznesə başlamaq nə qədər çətin olarsa, bu təşəbbüslə çıxış edənlərin sayı da bir o qədər azalır. Risklər və maneələr yüksək olduqda yeni bizneslərin yaranması da məhdudlaşır. Maya dəyərinə təsir, əlbəttə, olacaq. Bəzi sahibkarlar üçün bu təsir cüzi, digərləri üçün isə nisbətən daha böyük ola bilər.

Məhsulun qiymətinin formalaşmasında bazardakı rəqabət və sahibkarın davamlı, təkrarlanan xərcləri daha böyük rol oynayır. Əsas məqsəd maya dəyərini aşağı salmaq deyil, biznesə başlamaq üçün mövcud baryerləri azaltmaqdır. Bu dəstəyin başlıca mahiyyəti yeni biznes təşəbbüslərinin yaranmasına şərait yaratmaqdır.

Sima Babayeva

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki