İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə keçiriləcək ümumi seçkilərə bir gün qalmış sosial şəbəkədə paylaşdığı görüntü ilə diqqət çəkib. Süni intellekt vasitəsilə hazırlanmış, İsrail üzərində nüvə partlayışını əks etdirən təsvir paylaşan Netanyahu İran və onun dəstəklədiyi qrupların seçki prosesini pozmaq məqsədilə hücum edə biləcəyini iddia edib.
Referans Media xəbər verir ki, Netanyahu oktyabrın 27-də keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində yayımladığı videomüraciətdə İran və onunla əlaqəli qruplardan mümkün hücumlarla bağlı kəşfiyyat məlumatları əldə etdiklərini bildirib.
İsrailin Baş naziri sosial şəbəkə hesabında süni intellektlə yaradılmış, ölkə üzərində nüvə partlayışından sonra göbələk formasında tüstü buludunun yüksəldiyini göstərən görüntü paylaşıb. Paylaşımda sağçı köşə yazarı Yuval Blumberqin İsrailin mərkəzi hissəsinə iki atom bombası düşəcəyi təqdirdə gündəlik mübahisələrin əhəmiyyətsiz qalacağına dair fikrinə də yer verilib.
Netanyahu videomüraciətində İranın və onun dəstəklədiyi qrupların seçki prosesinə müdaxilə etmək üçün hücumlar təşkil edə biləcəyini iddia edib.“Əlimizdə İranın və onunla əlaqəli qüvvələrin seçki prosesini pozmaq məqsədilə hücumlar təşkil edərək bizə meydan oxumağa cəhd göstərə biləcəyinə dair kəşfiyyat məlumatları var”, – deyə İsrailin Baş naziri bildirib. Netanyahu mümkün hücumlara sərt cavab veriləcəyini də bəyan edib.
İran və onun müttəfiqlərinə müraciət edən Netanyahu İsrailin mümkün hücumlara hazır olduğunu iddia edib. “Bizi sınamağa cəhd etməyin, əvəzində daha ağır zərbələr alacaqsınız”, – deyə o bildirib.
İsrailin müdafiə naziri İsrael Kats da təxminən iki həftə əvvəl İranın seçki nəticələrinə təsir göstərmək məqsədilə hücum cəhdləri edə biləcəyini irəli sürmüşdü.
Seçkilərdən əvvəl yeni hərbi əməliyyat ehtimalı
İsraildə seçkilər ərəfəsində hökumətin İrana, Livana və ya Qəzza zolağına qarşı yeni hərbi əməliyyat başlada biləcəyi ilə bağlı iddialar da gündəmə gəlib.
Bununla belə, mümkün yeni hücumlarla bağlı məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Netanyahu hökumətinin açıqlamaları və nüvə partlayışını əks etdirən görüntünü paylaşması seçkilər ərəfəsində bölgədəki təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirələri yenidən gücləndirib.
