ABŞ prezidenti Donald Tramp uzun sürən münaqişə və aralıq Konqres seçkiləri ərəfəsində yanacaq qiymətlərinin artması fonunda İrana qarşı yeni hərbi əməliyyatın başlanmasına icazə verib. “Biz daha bir kiçik "Epik Qəzəb" əməliyyatı keçirə bilərik” – deyən Tramp əlavə məlumat verməyib.
Son aylarda ABŞ prezidenti müharibənin bitməsi üçün dəfələrlə bəyan etdiyi məqsədləri və son tarixləri dəyişib. Oktyabrın əvvəlində o, ABŞ-ın Konqresə hansı partiyanın nəzarət etdiyini müəyyən edəcək ara seçkilərdən sonraya qədər İrana zərbə endirməyəcəyini bildirib.
Bununla belə, Tehran və Vaşinqton arasında hərbi gərginlik yeni bir ölçü qazanıb. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkəyə qarşı hətta kiçik miqyaslı hərbi hərəkətin belə gözləniləndən daha böyük bir cavabla qarşılanacağını açıqlayıb. SEPAH sözçüsü Hüseyn Mühibbi ordunun bütün ssenarilərə qarşı hazırlıqlı olduğunu vurğulayıb. Mühibbi getdikcə sərtləşən açıqlamaların əsasən ictimai rəyi manipulyasiya etmək məqsədi daşıdığını iddia edib: Onlar hazırkı şəraitdə effektiv əməliyyat keçirə bilməyəcəklərini və qətiyyən məqsədlərinə çatmayacaqlarını hər kəsdən yaxşı bilirlər".
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib ki, Vaşinqton administrasiyası İrana "mütləq" zərbə endirə bilər.
Yeri gəlmişkən, İran ABŞ-a limanlarına tətbiq edilən blokadanın aradan qaldırılması müqabilində Hörmüz boğazında gəmi nəqliyyatının bərpasını təklif edib. Bu barədə “əl-Arabiyyə” telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin məlumatına görə, Tehran bu təklifi artıq Pakistan vasitəsi ilə Vaşinqtona çatdırıb. İran həmçinin Pakistana ABŞ-la danışıqları bərpa etməyə hazır olduğunu bildirib.
Referans Media qeyd edir ki, mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli Musavat.com-a qeyd edib ki, bəli, ABŞ-nin noyabrın 3-də keçiriləcək Konqres aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatlara başlaması mümkündür: “Lakin seçkilərin bitməsi öz-özlüyündə hücum qərarının veriləcəyi demək deyil. Əsas məsələ Vaşinqtonun İranın nüvə proqramı, regional təhlükəsizlik, raket imkanları və diplomatik danışıqlar barədə hansı nəticəyə gəlməsidir. Azərbaycan baxımından isə əsas təhlükə təkcə birbaşa hərbi zərbə ehtimalı deyil. İranın cavab addımları, sərhəd boyunca gərginlik, enerji və nəqliyyat marşrutlarının pozulması, eləcə də qaçqın axını kimi ikinci dərəcəli nəticələr də nəzərə alınmalıdır”.
Hərbi şərhçi deyib ki, ABŞ İranın hərbi və strateji obyektlərinə qarşı yeni zərbələrlə təzyiqi artıra bilər: “ABŞ-nin növbəti addımı barədə qərar təkcə seçkilərdən asılı olmayacaq. Hərbi nəticələr, İranın cavab imkanları, enerji qiymətləri və Vaşinqtonun diplomatik məqsədlərə hərbi yolla çatmağın mümkünlüyü də həlledici olacaq. Azərbaycanın vəziyyəti xüsusidir: ölkə İranla uzun quru sərhədinə malikdir, İsraillə strateji münasibətləri var, eyni zamanda müharibəyə cəlb olunmaqda maraqlı deyil. Bakının əsas məqsədi ölkə ərazisinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsinə yol vermədən öz təhlükəsizliyini qorumaqdır.
