"Fənərbaxça"da prezident seçkilərindən sonra transfer çalışmalarının sürətləndiyi bildirilir. Türkiyə mətbuatının yaydığı məlumata görə, yenidən klub rəhbərliyinə qayıdan Aziz Yıldırım heyəti gücləndirmək üçün iki yerli futbolçunu əsas hədəf kimi müəyyənləşdirib.
İddialara əsasən, "Fənərbaxça" rəhbərliyi Ümit Akdağ və Arda Okan Kurtulanın transferində maraqlıdır.
Referans Media xəbər verir ki, Ümit Akdağ hazırda "Alanyaspor"un, Arda Okan Kurtulan isə "Göztepe"in formasını geyinir.
Xəbərlərə görə, sarı-lacivərtlilər yaxın günlərdə hər iki futbolçunun transferi üçün müvafiq klublarla rəsmi danışıqlara başlamağı planlaşdırır.
Klub rəhbərliyinin məqsədinin transferləri yay hazırlıq mərhələsi başlamazdan əvvəl yekunlaşdırmaq olduğu bildirilir.
22 yaşlı mərkəz müdafiəçisi Ümit Akdağ ötən mövsüm 36 oyunda meydana çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
23 yaşlı Arda Okan Kurtulan isə sağ müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış edib. O, mövsüm ərzində 32 oyunda iştirak edərək 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, transferlərlə bağlı tərəflərdən hələlik rəsmi açıqlama verilməyib.
