Bakı İrəvanın qarşısına son siyasi seçim qoyur

Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə diplomatik təmaslar davam edir. Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın bu ay Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşəcəyi açıqlanıb. Erməni nazirin yerli mediaya verdiyi açıqlamaya görə, tərəflər Nyu-Yorkda bir araya gələcəklər. Görüşün konkret gündəliyi ilə bağlı isə hələlik əlavə məlumat verilməyib.

Bu görüş xüsusilə Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş Vaşinqton razılaşmasından sonra regionda sülh prosesinin növbəti mərhələsi baxımından diqqət çəkir. Bakı və İrəvan arasında əsas məsələlərin siyasi-diplomatik müstəvidə müzakirəsinin davam etdirilməsi tərəflərin əldə olunan razılaşmaların praktiki müstəviyə keçirilməsi istiqamətində təmasları qoruduğunu göstərir.

Yada salaq ki, Bayramov və Mirzoyanın son görüşü sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Həmin görüşdən sonra Azərbaycan xarici işlər naziri bildirib ki, erməni həmkarı ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb və yaxın gələcəkdə yenidən görüş keçiriləcək. İndi isə növbəti təmas üçün ünvan kimi Nyu-York müəyyənləşib.

BMT Baş Assambleyasının sessiyası Azərbaycan və Ermənistan diplomatiyası üçün də mühüm beynəlxalq platformadır. Belə bir formatda keçiriləcək görüşdə sülh sazişinin imzalanması istiqamətində növbəti addımlar, əldə edilmiş razılaşmaların icrası, regionda kommunikasiyaların açılması və tərəflər arasında etimadın daha da möhkəmləndirilməsi kimi məsələlərin müzakirə olunması gözlənilir. Eyni zamanda, prosesin beynəlxalq müstəvidə hansı formada təqdim ediləcəyi də xüsusi əhəmiyyət daşıyır.

Hazırda əsas diqqət ondan ibarətdir ki, Bakı ilə İrəvan arasında əldə edilmiş siyasi razılaşmaların real və davamlı sülh mexanizminə çevrilməsi üçün tərəflər hansı praktiki addımları atacaq. Nyu-York görüşü də bu baxımdan diplomatik təmasların növbəti mərhələsidir. Xüsusilə Ermənistan tərəfinin son dövrlərdə sülh gündəliyi ilə bağlı verdiyi mesajlar fonunda Mirzoyan-Bayramov görüşü İrəvanın bundan sonrakı mövqeyinin aydınlaşdırılması baxımından da maraq doğurur.

Məsələnin digər mühüm tərəfi isə regionda yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Ermənistan münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyidir. Bakı sülh prosesinin hüquqi və siyasi baxımdan yekunlaşdırılmasını, qarşılıqlı öhdəliklərin icrasını və regional kommunikasiyaların açılmasını prioritet hesab edir. Bu səbəbdən Nyu-Yorkdakı görüşdə veriləcək mesajlar sülh prosesinin növbəti mərhələsi ilə bağlı müəyyən təsəvvür yaranır.

Bu görüşdə hansı məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir?

“Azərbaycanla Ermənistan arasında sülh prosesi artıq “danışıqlar olacaqmı?” mərhələsindən “əldə olunan razılaşmalar necə həyata keçiriləcək?” mərhələsinə keçib. Bu baxımdan Ceyhun Bayramovla Ararat Mirzoyanın Nyu-Yorkda gözlənilən görüşü sıradan diplomatik təmas deyil. Vaşinqtonda formalaşan yeni siyasi reallığın konkret addımlara çevrilməsi indi əsas məsələdir”.

Referans Media bildirir ki, bu sözləri Musavat.com-a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.

iskenderov.jpg (251 KB)

Deputatın fikrincə, Nyu-York görüşünün əhəmiyyətini onun harada keçirilməsindən daha çox, hansı siyasi şəraitdə keçirilməsi müəyyən edir:

“Azərbaycan 2020-ci ildən sonra regionda yeni reallıq yaradıb, 2023-cü ildə suverenliyini tam bərpa edib və bundan sonra da sülh gündəliyini ardıcıl şəkildə irəli aparıb. Yəni Bakı masaya problemi uzatmaq üçün deyil, onu bağlamaq üçün oturur. İndi növbə Ermənistanındır. İrəvan sülhdən danışmaqla kifayətlənməməli, sülhün hüquqi və siyasi məsuliyyətini də üzərinə götürməlidir. Çünki diplomatiyada gözəl cümlələr deyil, yerinə yetirilən öhdəliklər nəticə yaradır. Vaşinqton razılaşmalarından sonra prosesin əvvəlki mərhələyə qayıtması üçün ciddi siyasi əsas qalmayıb. Əksinə, tərəflərin qarşısında daha konkret gündəlik var: sülhün hüquqi baxımdan yekunlaşdırılması, qarşılıqlı öhdəliklərin icrası, kommunikasiyaların açılması və regionda normal qonşuluq münasibətlərinin formalaşdırılması. Burada bir mühüm məqamı da nəzərə almaq lazımdır. Azərbaycan-Ermənistan sülhü artıq yalnız iki dövlət arasındakı münasibətlərin normallaşdırılması məsələsi deyil. Bu proses Cənubi Qafqazın gələcək siyasi və iqtisadi arxitekturasını müəyyənləşdirəcək. Kommunikasiyaların açılması regionu qarşıdurma coğrafiyasından əməkdaşlıq məkanına çevirə bilər. Bundan ən çox qazananlardan biri də məhz Ermənistan ola bilər. Bunun üçün isə İrəvan köhnə siyasi reflekslərdən imtina etməlidir”.

Parlamentarinin sözlərinə görə, Nyu-York görüşünün BMT Baş Assambleyası çərçivəsində keçirilməsi də simvolik məna daşıyır:

“Vaxtilə Azərbaycanla bağlı beynəlxalq platformalarda müxtəlif təzyiq mexanizmləri qurmağa çalışan Ermənistan indi həmin beynəlxalq platformalardan birində Azərbaycanla sülhün praktiki mərhələsini müzakirə edir. Tarixin siyasi ironiyası bəzən çox dəqiq olur. Azərbaycanın mövqeyi isə aydındır və dəyişməyib: regionda müharibə səhifəsi bağlanıb, revanşizmə yer yoxdur, sərhədlərin toxunulmazlığı və qarşılıqlı suverenliyə hörmət əsasında davamlı sülh qurulmalıdır. Ona görə də Nyu-Yorkdan sensasiyalı bəyanatlardan daha çox konkretlik gözləmək lazımdır. Sülhün əsas siyasi konturları artıq müəyyənləşib. İndi diplomatiyanın işi həmin konturları real münasibətlər sisteminə çevirməkdir. Bakı bunun üçün siyasi iradəsini çoxdan nümayiş etdirib. İndi əsas sual İrəvanın bu tarixi fürsətdən nə dərəcədə düzgün istifadə edəcəyidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki