Nizami metrosu yaxınlığında piyadalar üçün nəzərdə tutulan səkinin yararsız vəziyyətə düşüb.
Referans Media Ajans.az-a istinadən xəbər verir ki, söhbət Balababa Məcidov küçəsinin Zivərbəy Əhmədbəyov küçəsi ilə kəsişməsindən gedir.
Ajans.az-ın baş redaktoru Tural Müseyibov ərazidən görüntülər paylaşaraq bildirib ki, burada aparılan tikinti işləri səbəbindən piyadaların hərəkəti çətinləşib. Onun sözlərinə görə, xüsusilə uşaqlar, yaşlılar və uşaq arabası ilə hərəkət edən analar üçün vəziyyət daha problemlidir.
T.Müseyibov qeyd edib ki, səkinin olmaması səbəbindən insanlar məcburən yolun hərəkət hissəsindən istifadə edirlər. Ərazidə tikinti konstruksiyalarının və armaturların açıq vəziyyətdə qalması da əlavə təhlükə yaradır.
Baş redaktor aidiyyəti qurumların ərazidəki vəziyyətə diqqət yetirməli olduğunu vurğulayıb və yağış zamanı problemin piyadalar üçün daha da çətinləşəcəyini bildirib.
Onun sözlərinə görə, şəhərin mərkəzində belə vəziyyətin olması, xüsusilə piyadaların təhlükəsizliyi baxımından qəbuledilməzdir.
