Bu gün Avrasiya məkanında yeni və sarsılmaz bir geostrateji qütb formalaşır. Uzun illər boyunca əsasən etnik mənşə, dil və zəngin mədəni irs müstəvisində inkişaf edən Türk dünyası inteqrasiyası, artıq hərbi-siyasi, geoiqtisadi və nəqliyyat-logistika zərurətinə çevrilib. Bu tarixi transformasiyanın ön cərgəsində isə Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə Mərkəzi Asiya respublikaları dayanır.
Azərbaycanın yürütdüyü fəal xarici siyasət nəticəsində Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasındakı coğrafi məsafələr öz strateji maneə xarakterini itirib. Bu iki regionun qovuşması təkcə ikitərəfli əlaqələri dərinləşdirmir, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən qlobal tranzit dəhlizlərinin təhlükəsizliyini təmin edən, Avrasiyanın nəqliyyat və təhlükəsizlik arxitekturasını köklü şəkildə yenidən şəkilləndirən nəhəng bir ittifaqın doğuluşudur.
Bu günlərdə Azərbaycan və Qırğızıstan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Müqavilə həm də Türk Dövlətləri Təşkilatının (TDT) institusional dayaqlarını daha da möhkəmləndirir, region ölkələrinin qlobal geosiyasi təzyiqlərə qarşı vahid güc mərkəzi kimi çıxış etməsinə imkan yaradır.
Mətbuata bəyanatında dövlətimizin başçısı müttəfiqlik münasibətlərinin üzərlərinə böyük məsuliyyət qoyduğunu və hər iki ölkənin bu məsuliyyətə hazır olduğunu xüsusi qeyd etdi.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya istiqamətində yürütdüyü xarici siyasət sadəcə ikitərəfli görüşlərlə məhdudlaşmayıb, regional siyasətin sistemli və təsisatlaşmış əsasını qoyub. Dövlət başçıları səviyyəsində saxlanılan intensiv diplomatiya bu prosesin əsas mühərrikidir. Təkcə 2023-cü ildən etibarən Prezident İlham Əliyevin Mərkəzi Asiyanın qardaş ölkələrinə 16 dəfə səfər etməsi, region liderlərinin isə Azərbaycana 26 dəfə gəlməsi bu təmasların nə dərəcədə yüksək dinamikaya malik olduğunu nümayiş etdirir. Bu göstərici sadəcə quru statistika deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyanın artıq vahid geosiyasi və geoiqtisadi arena kimi hərəkət etdiyinin aydın sübutudur.
Bu strategiyanın mühüm dönüş nöqtəsi 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü oldu. Azərbaycanın bu platformaya tamhüquqlu üzv kimi qoşulması regionun siyasi xəritəsində yeni bir eranın başlanğıcı oldu. Artıq Azərbaycan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Mərkəzi Asiya ailəsinin ayrılmaz parçası və strateji tərəfdaşı kimi qəbul edilir.
“Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir”, - deyə Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü zamanı bu qərarın mühüm əhəmiyyətinə vurğu etmişdi.
Mərkəzi Asiya ölkələri ilə ikitərəfli müstəvidə də əlaqələr dinamik inkişaf edir. O cümlədən Azərbaycan-Qırğızıstan əlaqələri keyfiyyətcə yeni zirvəyə yüksəlib.
Çolpon-Atada imzalanan və mübadilə edilən genişmiqyaslı sənədlər zərfi iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Liderlərin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı” və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrin hüquqi və siyasi təməlini ən yüksək səviyyəyə qaldırdı.
Bu sənədlər tərəflərin həm siyasi, həm də iqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya və təhlükəsizlik sahələrində uzunmüddətli, sistemli və dərin inteqrasiyaya əsaslanan əməkdaşlıq modelini həyata keçirməyi nəzərdə tutur. İyulun sonunda Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası, eləcə də baş tutan yüksəksəviyyəli görüşlər ikitərəfli əlaqələr salnaməsində keyfiyyətcə yeni bir başlanğıc oldu.
Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə ölkəmizin rəhbəri imzalanan sənədlər arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni xüsusi qeyd etdi: “Bu, iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran qarşılıqlı fəaliyyətin ən yüksək dərəcəsidir”.
İkitərəfli formatda qurulan bu möhkəm hüquqi baza tərəflərə beynəlxalq platformalarda ortaq mövqedən çıxış etmək və vahid geostrateji iradə nümayiş etdirmək imkanı yaradır. Siyasi səviyyədəki bu yüksək etimad real həyatda özünü iqtisadi göstəricilərin artmasında, qarşılıqlı investisiyalarda və azad olunmuş Qarabağın bərpasına verilən mənəvi-əməli dəstəkdə büruzə verir.
Bu praktiki tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi Azərbaycan-Qırğız İnkişaf Fondu çıxış edir. Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın iclasında Fondun nizamnamə kapitalının 100 milyon dollardan 200 milyon dollara qaldırılması iqtisadi münasibətlərə güclü təkan verən strateji addım oldu. Qarşılıqlı kapital axınının digər mühüm istiqamətini isə turizm sektoruna yatırılan sərmayələr təşkil edir. İssık-Kul gölü sahilində Azərbaycan kapitalı hesabına inşa edilən ilk beşulduzlu “Bakı” hotelinin qapılarını qonaqların üzünə açması Azərbaycan investorlarının Qırğızıstanın turizm imkanlarına verdiyi böyük dəyərin və regional infrastruktura töhfəsinin bariz göstəricisidir.
Mərkəzi Asiya ölkələri dövlət başçılarının işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura ardıcıl səfərləri regional həmrəyliyin ən yüksək siyasi nümayişinə çevrilib. Bu səfərlər təkcə rəmzi xarakter daşımır, eyni zamanda işğaldan zərər çəkmiş ərazilərin dirçəldilməsinə verilən real töhfələrlə tamamlanır. Qırğızıstanın işğaldan azad edilmiş ərazilərə töhfəsi olan Ağdam rayonunda inşa edilən və mənəvi dəyəri böyük olan Manas adını daşıyan məktəb binasının açılışı, eləcə də digər qardaş dövlətlərin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi infrastruktur və sosial layihələr bu dəstəyin aydın təzahürüdür. Bu addımlar Mərkəzi Asiya liderlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi sarsılmaz siyasi mövqenin, eləcə də xalqlarımız arasındaki dərin mənəvi bağlılığın bariz sübutudur.
Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında birbaşa coğrafi sərhədlərin olmamasına rəğmən, tərəfləri strateji cəhətdən bir-birinə bağlayan ən mühüm amil nəqliyyat, logistika və tranzit dəhlizləridir.
Bu gün Orta Dəhliz geostrateji baxımdan qlobal diqqət mərkəzindədir. Müasir geostrateji reallıqlar şəraitində ənənəvi şimal və cənub marşrutlarının riskləri artdıqca, Orta Dəhlizin təhlükəsizliyi və səmərəliliyi ön plana çıxır və Azərbaycan bu sistemdə Mərkəzi Asiya ölkələrini Avropa və qlobal bazarlarla əlaqələndirən mərkəzi geoiqtisadi qovşaq rolunu oynayır.
Əməkdaşlığın imkanları yalnız ənənəvi nəqliyyat və tranzitlə məhdudlaşmır. Müasir dövrün çağırışları fonunda Azərbaycan və Mərkəzi Asiya dövlətləri rəqəmsallaşma və “yaşıl enerji” marşrutlarının çəkilişində də qüvvələrini birləşdirirlər. Xəzər dənizinin dibi ilə elektrik kabelinin və fiber-optik kommunikasiya xətlərinin çəkilməsi üzrə həyata keçirilən layihələr regionu Avropanın enerji və informasiya təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirir. Eyni zamanda, təhsil, mədəniyyət və gənclər siyasəti sahəsindəki fəal təmaslar, Bişkekdə və Bakıda açılan dostluq parkları, görkəmli şəxsiyyətlərin xatirəsinə ucaldılan abidələr göstərir ki, bu geostrateji bina təkcə iqtisadi maraqlar üzərində deyil, sarsılmaz mənəvi və insani köklər üzərində ucalır.
İyulun 31-də Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü zamanı qəbul edilmiş Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında hərtərəfli əməkdaşlığın hüquqi yol xəritəsi oldu.
Prezident İlham Əliyevin “…Bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib” bəyanatı bu tarixi yaxınlaşmanın dərin strateji mahiyyətini tam şəkildə özündə ehtiva edir.
Çolpon-Atada atılan imzalar, Daşkənddə qəbul edilən qərarlar və Azərbaycanın Mərkəzi Asiya sammitlərinin tamhüquqlu tərəfdaşına çevrilməsi də təsdiqləyir ki, Bakı və Mərkəzi Asiya paytaxtları gələcək onilliklərin qlobal risklərinə qarşı artıq təkbaşına deyil, çiyin-çiyinə müqavimət göstərəcəklər. Bu isə nəinki regional sabitliyin, həm də türk coğrafiyasının qlobal siyasətdə şərt diktə edən müstəqil güc mərkəzinə çevrilməsinin əsas zəmanətidir.
Yasəmən MUSAYEVA,
“Azərbaycan
