Rusiya qoşunları bir həftə ərzində dronlar, kassetli bombalar və raketlərdən istifadə etməklə Ukraynanın 16 regionuna zərbələr endirib.
Rusiya tərəfi təxminən 1900 dron, 1600-ə yaxın aviabomba və ballistik raketlər də daxil olmaqla müxtəlif tipli 144 raket buraxıb.
Referans Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
Dövlət başçısı hücumların miqyasını vurğulayaraq deyib:
"Sumı vilayətinə aviabombalarla zərbə endirilib. Brovarıda dron hücumu nəticəsində bir nəfər həlak olub, daha altı nəfər xəsarət alıb... Xarkov və Xarkov vilayəti davamlı olaraq atəşə tutulur, gecə saatlarında Odessaya, Zaporojyeyə və Dnepropetrovsk vilayətinə də zərbələr endirilib. Bu həftə ərzində 1500-dən çox obyektə ziyan dəyib, onların arasında yüzlərlə adi yaşayış binası var".
Zelenskinin sözlərinə görə, bu hücumlar üçün işləyən və dronlar, raketlər, həmçinin KAB-lar üçün komponentlər istehsal edən Rusiya müəssisələrinin böyük bir hissəsi hələ də sanksiyalar siyahısına salınmayıb:
"Hərbi-Sənaye Kompleksinin hər bir halqasına təzyiq göstərilməlidir və məhz bu cür təzyiq nəticədə insanlığa qarşı hücumların sayını azaltmağa kömək edəcək. Sanksiyalar genişlənməli və effektiv işləməlidir".
