İspaniyada miqrant böhranı böyüyür: nazirdən təcili təklif gəldi

Almaniyanın xarici işlər naziri Yohann Vadeful İspaniyada yaşananlardan sonra Avropa İttifaqına (Aİ) çağırış edib.

Referans Media xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nazir Seuta anklavına miqrant axınından sonra Aİ-nin xarici sərhədlərinin qorunmasını prioritet elan etməyə səsləyib.

Vadeful bildirib ki, qanunsuz miqrasiyaya nəzarət etmək üçün Avropa ölkələrinin Mərakeş kimi xarici tərəfdaşlarla əməkdaşlığı vacibdir.

“Bild” qeyd edir ki, Avropa böyük miqrasiya böhranından yayına bilsə də, vəziyyət hələ də gərgin olaraq qalır.

İyulun sonunda minlərlə miqrant Mərakeşdən qanunsuz yolla İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya daxil olub. Seuta Afrika ilə Aİ arasındakı iki quru sərhədindən biridir. Qanunsuz miqrant axınının kəskin artması İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların dərhal geri qaytarılmasını qadağan etməsi və onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsi barədə qərarından sonra baş verib.

Son məlumata görə, Mərakeşdən Seutaya keçməyə cəhd edərkən həlak olan miqrantların sayı 67-yə çatıb. İspaniya hakimiyyəti hesab edir ki, kütləvi miqrasiya axını cinayətkar şəbəkələrin yaydığı dezinformasiyanın nəticəsində baş verib./globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki