Bakının kommunal təsərrüfat sahəsində maliyyə problemləri gündəmə gəlib. Belə ki, paytaxtın 7 rayonu üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin (MKTB) dövlət qarşısında milyonlarla manat vergi borcunun olduğu məlum olub.
Bakının kommunal qurumları milyonlarla manat vergi borcunu necə yığıb? Onların bağlanması üçün əlavə vəsait ayrılacaq, yoxsa bu yük sakinlərin üzərinə düşə bilər?
Referans Media bildirir ki, globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, burada söhbət ümumilikdə 24 milyon manatdan çox borcdan gedir:
“Ehtimal ki, bu borclar əməkhaqqı, vergi öhdəlikləri, əməkhaqqı fondundan hesablanan gəlir vergisi, sosial sığorta və digər məcburi ödənişlərin vaxtında köçürülməməsi ilə bağlıdır. Bu qurumlarda kifayət qədər böyük işçi qüvvəsi çalışır. Lakin idarəetmədə səmərəliliyin olmaması, maliyyələşmə ilə xərclər arasında ciddi uyğunsuzluğun yaranması mövcud vəziyyətə gətirib çıxarıb. Ümumiyyətlə, köhnə dövrün qalığı olan MKTB-nin fəaliyyətinə yenidən baxılmalıdır. Müasir idarəetmə sistemlərinin tətbiqi, bələdiyyələrin rolunun artırılması, idarəetmənin təkmilləşdirilməsi istiqamətində ölkədə institusional, iqtisadi və siyasi islahatlar həyata keçirilir. Yaxın müddətdə bu sahədə də müəyyən dəyişikliklər gözlənilir. Çünki sözügedən qurumlarda faktiki olaraq fəaliyyəti olmayan, sadəcə adları ştatda olan çoxsaylı işçilər var və onların əməkhaqqı dövlət büdcəsi hesabına ödənilir. Eyni zamanda, bu birliklərin həyata keçirdiyi bir sıra fəaliyyətlər digər qurumların səlahiyyətlərinə də daxildir”.
AQC sədri bildirib ki, sistemdə borcların yığılması faktiki olaraq bu qurumların fəaliyyətindəki səmərəsizliyin və maliyyə idarəçiliyindəki problemlərin nəticəsidir:
“Gəlir və xərclərin düzgün planlaşdırılmaması, özünüidarəetmə mexanizmlərinin formalaşdırılmaması, büdcədən asılılıq, maliyyə intizamının zəifliyi və nəzarətin yetərli olmaması borcların illərlə artmasına səbəb olub. Buna görə də vəziyyət ciddi şəkildə araşdırılmalı və müvafiq islahatlar həyata keçirilməlidir. Yaranmış borcların bağlanması üçün əlavə dövlət vəsaitinin ayrılması mümkündür. Lakin bundan daha vacib məsələ həmin qurumların gələcək fəaliyyətinin səmərəliliyini qiymətləndirməkdir. Onların geniş işçi heyətinin saxlanılması dövlət büdcəsi üçün nə dərəcədə məqsədəuyğundur? Bu qurumların fəaliyyət istiqamətləri və xərcləri üzərlərinə düşən vəzifələrə uyğundurmu? Bu suallara aydınlıq gətirilməlidir”.
İqtisadçı qeyd edib ki, maliyyə şəffaflığının və hesabatlılığın təmin olunması üçün ciddi nəzarət mexanizmləri yaradılmalıdır:
“Eyni zamanda, struktur islahatları aparılaraq büdcə vəsaitlərini səmərəsiz xərcləyən qurumların fəaliyyətinin məhdudlaşdırılması, yaxud onların əvəzində daha çevik, aktiv fəaliyyət göstərən və özünü maliyyələşdirmək imkanlarına malik yeni idarəetmə strukturlarının yaradılması məqsədəuyğun olardı. Bu, dövlət büdcəsinin əlavə maliyyə yükü ilə üzləşməsinin də qarşısını ala bilər. Yaranmış borcların sakinlərin üzərinə qoyulması isə qətiyyən doğru deyil. Sakinlər kommunal xidmətlərə görə öz ödənişlərini onsuz da həyata keçirirlər. Üstəlik, söhbət kommunal xidmət borclarından yox, vergi borclarından gedir. Təkcə bu qurumlarda deyil, bir sıra digər dövlət təşkilatlarında da vergi və daxili borclanma üzrə öhdəliklərin yerinə yetirilməməsi halları var. Dövlət qurumlarının öz aralarında da kifayət qədər borc münasibətləri yaranıb”.
Qeyd edək ki, Bakının 7 rayonu üzrə MKTB-nin ümumi vergi borcu 24 milyon 198 min 560 manat təşkil edir. Ən böyük borc 6 milyon 612 min 286 manatla Binəqədi rayon MKTB-nin, ən az borc isə 135 min 245 manatla Qaradağ rayon MKTB-nin payına düşür. Nizami və Xəzər rayon MKTB-nin vergi borcu yoxdur. Yasamal, Sabunçu və Pirallahı rayon MKTB-nin isə vergi borcunun olub-olmaması ilə bağlı heç bir məlumat öyrənmək mümkün olmayıb.
