Avropa qlobal istiləşmə səbəbindən öyrəşdiyi fəsil dəyişikliyini tədricən itirir. Yaz və payız getdikcə qısalsa da, yayın müddəti uzanır.
Referans Media xəbər verir ki, bu barədə İspaniyanın "Xataka" nəşri bu ölkənin Dövlət Meteorologiya Agentliyinə (AEMET) istinadən məlumat yayıb.
1980-ci illərdən başlayaraq məhz İspaniyada yayın müddəti hər onillikdə təxminən 10 gün artır. İqlim dəyişikliyindən ən çox əziyyət çəkən ərazilər ölkənin şimal-şərqi və Pireney dağlarıdır. Lakin bütövlükdə bu tendensiya digər Avropa ölkələrində də müşahidə olunur.
Yayın uzanması qeyri-bərabər baş verir. İsti dövrün yaz və payızı eyni dərəcədə sıxışdırdığı barədə geniş yayılmış təsəvvürün əksinə olaraq, əsas zərbə məhz yaz aylarına dəyir. Bunu 44 meteostansiyanın 1971-2018-ci illər üzrə məlumatları əsasında aparılmış tədqiqat da təsdiqləyir.
"Yayın başlanğıcı hər onillikdə orta hesabla 6,76 gün irəli çəkilir, onun bitmə tarixi isə hər onillikdə 2,74 gün sonraya qalır", - deyə məqalədə bildirilir.
AEMET-in məlumatına görə, Mərkəzi və Şimali İspaniyanın bəzi rayonlarında "yaz yayı" (primaverano) adlanan dövr artıq bir aydan çox davam edir. Payız isə hələlik istinin gəlişinə daha yaxşı müqavimət göstərir. Bu mövsümün ən nəzərəçarpacaq dərəcədə qısalması Kantabriya və Aralıq dənizləri sahilində müşahidə olunur. Burada son onilliklərdə yay təxminən iki-üç həftə uzanıb. Ölkənin qərb hissəsində isə dəyişikliklər xeyli mülayimdir.
Ən qabarıq iqlim dəyişiklikləri Pireney dağlarında və şimal-şərq bölgəsində qeydə alınır. Xüsusilə, La-Molina meteorologiya rəsədxanası isti yay günlərinin sayının əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir. Əgər 1979-2000-ci illərdə belə günlərin sayı orta hesabla 49 idisə, son rüb əsr ərzində bu göstərici 69-a çatıb.
Qlobal istiləşmənin sürətlənməsi xüsusilə 1979-cu ildən sonra nəzərəçarpan dərəcədə güclənib.
"Geophysical Research Letters" jurnalında dərc edilmiş tədqiqatın proqnozlarına görə, istixana qazı tullantıları əhəmiyyətli dərəcədə azaldılmazsa, Şimal yarımkürəsində 2100-cü ilə qədər yayın müddəti təxminən altı aya çata bilər.
UNIAN yazır ki, XVII əsrdə Şərqi Avropa güclü şaxtalar, məhsul qıtlığı, aclıq və taun epidemiyaları ilə müşayiət olunan azı 55 xüsusilə sərt qış keçirib. Ən soyuq dövr 1645-1700-cü illərə təsadüf edib ki, bu müddət ərzində həmin qışların 36-sı qeydə alınıb.
Soyuqlaşma Günəş aktivliyinin azaldığı dövr olan Maunder minimumu ilə əlaqələndirilir. Bu dövr çoxsaylı məhsul qıtlığına (20 il), aclığa (26 il) və epidemiyalara (31 il) səbəb olub. Eyni zamanda tədqiqatçılar qeyd edirlər ki, iqlim böhranların yeganə səbəbi deyildi, müharibələr, siyasi qeyri-sabitlik və sosial bərabərsizlik vəziyyəti daha da ağırlaşdırırdı./Musavat.com/
