Müəllimlərin sertifikatlaşdırılmasının növbəti mərhələsi ilə bağlı yeni təkliflər səsləndirilib. Yüksək nəticə göstərən müəllimlərin gələcək sertifikasiya imtahanlarından azad edilməsi, eləcə də əməkhaqqı artımlarının topladıqları ballara uyğun yenidən müəyyənləşdirilməsi təklif olunur.
Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi sertifikatlaşdırmanın ikinci mərhələsi, müəllimlərin əməkhaqqı artımları və növbəti imtahanlardan azadolma imkanları ilə bağlı fikirlərini bölüşüb.
Sertifikasiyanın ikinci mərhələsində mövcud qaydalar tətbiq olunacaq
Elçin Əfəndi bildirib ki, müəllimlərin sertifikatlaşdırılmasının birinci mərhələsi yekunlaşmaq üzrədir və növbəti ildən ikinci mərhələyə başlanılacaq:
“Artıq sertifikatlaşdırma prosesinin təhsilverənlər üçün birinci mərhələsi demək olar ki, yekunlaşıb. Növbəti ildən etibarən bizi ikinci mərhələ gözləyir. Hazırda mövcud qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmanın keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə 51 bal və daha yüksək nəticə göstərən müəllimlər üçün 35 faiz, 30 baldan 51 bala qədər nəticə əldə edənlər üçün isə 10 faiz əməkhaqqı artımı nəzərdə tutulur”.
51 bal toplayan müəllimlər növbəti imtahandan azad edilə bilər
Ekspertin sözlərinə görə, hər iki mərhələdə yüksək nəticə göstərən müəllimlərin üçüncü sertifikasiya mərhələsindən azad edilməsi də nəzərdən keçirilə bilər:
“Düşünürəm ki, ikinci mərhələdə də uğur qazanan, hər iki mərhələdə 51 bal və daha yüksək nəticə göstərən müəllimlərin üçüncü mərhələdə sertifikatlaşdırmadan azad edilməsi kimi bir imkan yaradıla bilər. Belə bir yanaşmanın tətbiqini istisna etmirəm”.
Müəllimlərin maaş artımı üçün yeni faiz bölgüsü təklif edilir
Elçin Əfəndi hesab edir ki, əməkhaqqı artımları müəllimlərin topladığı ballara uyğun daha fərqli şəkildə müəyyənləşdirilməlidir:
“Ümumilikdə hesab edirəm ki, müəllimlərin əməkhaqqında faiz nisbətində dəyişikliklərin edilməsi vacibdir. Bu baxımdan daha diferensial və nəticəyönümlü artım mexanizmi tətbiq oluna bilər. Məsələn, 31-40 bal aralığında nəticə göstərən müəllimlər üçün 10 faiz, 41-51 bal aralığında nəticə əldə edənlər üçün isə ən azı 15 faiz əməkhaqqı artımı nəzərdə tutula bilər”.
Ekspert: Dəyişikliklər müəllimlər arasında rəqabəti gücləndirə bilər
Təhsil eksperti hesab edir ki, təklif olunan mexanizm müəllimlərin peşəkar inkişafına və sertifikatlaşdırmada daha yüksək nəticələr əldə etməsinə stimul verə bilər:
“Təklif etdiyimiz mexanizm tətbiq olunarsa, sertifikatlaşdırma prosesi daha rəqabətli xarakter alar. Eyni zamanda peşəkar kadrların öz üzərində işləməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə müsbət təsir göstərər. Yəqin ki, növbəti sertifikatlaşdırma prosesi başlanana qədər aidiyyəti qurumlar tərəfindən bu məsələlərlə bağlı ümumi müzakirələr aparılacaq və yekun qərar veriləcək”.
