ABŞ-nin qarşıdakı həftələrdə, bu ilin sonunadək İrana qarşı müharibəni yenidən başladacağı barədə intensiv xəbərlər yayılır. Dünya mediasının gündəmində bir nömrəli mövzulardan biri budur ki, yeni ABŞ-İran müharibəsində İrana taktiki nüvə atom bombası atıla bilər. Qeyd olunur ki, əsas hədəflərdən biri İranın Natanz nüvə kompleksi olacaq.
Bu kompleks Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmanın ən həssas nöqtələrindən biridir. Ekspertlər hesab edir ki, həmin obyektə mümkün ABŞ zərbəsi təkcə İranın nüvə proqramına deyil, bütövlükdə regionun təhlükəsizliyinə, İsrail-İran münasibətlərinə, Hörmüz boğazından keçən enerji daşımalarına və hətta Avropanın təhlükəsizliyinə çox ciddi təsir göstərə bilər.
Natanz adi hərbi baza deyil. Bu, İranın nüvə yanacağı istehsalı və uranın zənginləşdirilməsi proqramının əsas mərkəzlərindən biridir. Ona görə də buraya hücumun nəticələrini yalnız hərbi zərər çərçivəsində qiymətləndirmək düzgün olmaz.
Bu nüvə kompleksi İsfahan vilayətində, Natanz şəhəri yaxınlığında yerləşir. Obyekt Tehrandan təxminən 250 kilometr cənub-şərq istiqamətindədir. Natanz ölkənin nüvə proqramının ən mühüm zənginləşdirmə mərkəzlərindən biridir. Burada əsas fəaliyyət uran filizinin hasilatı deyil, əvvəlcədən hazırlanmış uran qazının xüsusi sentrifuqalar vasitəsilə zənginləşdirilməsidir. Nüvə fəaliyyətinin həyata keçirildiyi bəzi istehsal sahələri yerin altında yerləşir. Bu, obyekti adi hava zərbələrinə qarşı daha davamlı edir.
Natanz kompleksi bir neçə mühüm hissədən ibarətdir. Onun əsas xüsusiyyəti zənginləşdirmə prosesinin böyük hissəsinin yeraltı sahələrdə aparılmasıdır. Bu, obyektin hərbi hücumlar qarşısında davamlılığını artırmaq məqsədi daşıyır.
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Natanz artıq ABŞ və İsrailin hücumlarına məruz qalıb: “13 iyun 2025-ci ildə İsrail İranın nüvə obyektlərinə hücumları çərçivəsində Natanzı da hədəfə aldı. Yerüstü zənginləşdirmə infrastrukturu dağıdıldı, yeraltı obyektlərə və elektrik təminatına ciddi zərər dəydi. 21 mart 2026-cı ildə BAEA-nın hadisə məlumat bazasında İranın Natanz obyektinə İsrail və ABŞ tərəfindən növbəti hava və raket hücumları barədə məlumat yerləşdirilmişdi. 3 mart 2026-cı ildə BAEA peyk görüntülərinə əsasən yeraltı Natanz zavodunun giriş binalarının zədələndiyini təsdiqlədi. Agentlik həmin vaxt radioaktiv nəticələrin gözlənilmədiyini və yeraltı zavodun özündə əlavə zərər əlamətinin aşkarlanmadığını bildirdi.
Bu faktlar göstərir ki, Natanzın fiziki infrastrukturu artıq ciddi zərər görüb. Lakin bu, İranın bütün nüvə potensialının aradan qalxması demək deyil. ABŞ Natanzı yenidən raket və hava zərbələri ilə vuracağı hərbi-texniki baxımdan mümkün hesab edilir. ABŞ-nin belə bir əməliyyat keçirmək üçün kifayət qədər hərbi-texniki imkanları var. Üstəlik, Vaşinqton 2025-ci ildə İranın nüvə obyektlərinə qarşı zərbələr endirməklə bu imkanları praktikada nümayiş etdirib. Vaşinqtonun arsenalında yeraltı və möhkəmləndirilmiş obyektlərə qarşı istifadə edilə bilən xüsusi aviasiya bombaları mövcuddur.
Məsələn, radar tərəfindən aşkarlanma ehtimalını azaltmaq üçün hazırlanmış strateji bombardmançı təyyarələr ABŞ-ın uzaq məsafəli zərbə imkanlarının əsas elementlərindəndir. GBU-57 raketləri yeraltı və möhkəmləndirilmiş hədəfləri məhv etmək üçün hazırlanmış, təxminən 13,6 ton ağırlığında xüsusi bombadır”.
Ekspertin sözlərinə görə, Natanz yenidən vurularsa zərbələr yeraltı istehsal sahələrinə, sentrifuqa infrastrukturuna və yardımçı sistemlərə ciddi zərər vura bilsə, İranın uran zənginləşdirmə imkanları daha da məhdudlaşa bilər: “Lakin bu, nüvə proqramının tamamilə məhv edilməsi anlamına gəlməz. Çünki İranın nüvə texnologiyası üzrə mütəxəssisləri var, sentrifuqa istehsalı və elmi-tədqiqat potensialı təkcə Natanzla məhdudlaşmır”.
R.Məhərrəmov qeyd edib ki, radioaktiv və kimyəvi çirklənmə təhlükəsi isə ən çox narahatlıq doğuran məsələlərdən biridir: “Lakin onu da nəzərə almaq lazımdır ki, Natanz atom elektrik stansiyası deyil. Burada nüvə reaktoru və onunla əlaqəli böyük həcmdə işlənmiş nüvə yanacağı yoxdur. Buna görə də obyektə zərbə nəticəsində Çernobıl və ya Fukusima tipli nüvə reaktor qəzasının baş verməsi gözlənilən ssenari deyil.
Bununla belə, müəyyən təhlükələr mövcuddur. Zərbə nəticəsində zənginləşdirilmiş uran saxlanılan konteynerlər zədələnərsə, radioaktiv materiallar ətraf mühitə yayıla bilər. Uran heksaflüorid (UF6) hava və nəmlə təmasda olduqda təhlükəli kimyəvi reaksiyaya girir. Nəticədə uran birləşmələri və zəhərli, aşındırıcı hidrogen-flüorid yarana bilər. Materialların yayılması baş verərsə, obyektin yaxınlığında yaşayan əhali üçün sağlamlıq riskləri yarana bilər”.
Ekspert vurğulayıb ki, Azərbaycan baxımından Natanz ətrafında mümkün yeni hərbi əməliyyatlar bir neçə səbəbdən əhəmiyyətlidir: “İran Azərbaycanın cənub qonşusudur. İran ərazisində hərbi əməliyyatların genişlənməsi sərhədyanı təhlükəsizlik, nəqliyyat, ticarət və humanitar məsələlərə təsir göstərə bilər. İkincisi, Natanzın dağıdılması radioaktiv çirklənmə riski meydana gətirə bilər. Natanz Azərbaycanın birbaşa sərhədində yerləşməsə də, böyükmiqyaslı çirklənmə hadisəsinin regional nəticələri hava şəraiti və çirkləndiricilərin yayılma xüsusiyyətlərindən asılı olaraq qonşu ölkələri də narahat edə bilər”.
