Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir edə bilər? Bu artım doğum səviyyəsinin yüksəlməsinə stimul olacaqmı?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, edilən təklif bu istiqamətdə müsbət addımdır:
“Lakin artımın ailələrin sosial rifahına və ölkədə demoqrafik vəziyyətə ciddi təsir göstərəcəyini gözləmək real olmaz. Çünki bu gün Azərbaycanda ailələrin üzləşdiyi əsas problemlərdən biri uşağın dünyaya gəlməsi ilə bağlı xərclərin və ümumilikdə yaşayış dəyərinin yüksək olmasıdır. Uşaq dünyaya gələndə ailənin xərcləri doğuşla bitmir. Hamiləlik dövründə tibbi müayinələr, doğuş xərcləri, dərman preparatları, uşağın ilkin geyim və ləvazimatları, uşaq arabası, beşik, qidalanma vasitələri, bezlər, gigiyena məhsulları ciddi maliyyə yükü yaradır. Özəl tibb müəssisələrində xidmətlərdən istifadə edən ailələr üçün bu xərclər daha da artır. Sonrakı mərhələdə isə uşaq qidası, geyim, dərman, tibbi müayinələr və digər gündəlik ehtiyaclar ailənin büdcəsində daimi xərc maddəsinə çevrilir. Qiymət artımını da nəzərə almalıyıq. Ərzaq, dərman, gigiyena vasitələri, geyim və xidmətlərin bahalaşması ailələrin alıcılıq qabiliyyətinə birbaşa təsir edir. Dövlət Statistika Komitəsinin məlumatlarında da istehlak qiymətlərində, xüsusilə ərzaq məhsullarında artım müşahidə olunur. Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə təhlillərində ərzaq qiymətlərinin ümumi inflyasiyaya ciddi təsir göstərdiyi ayrıca vurğulanır. Belə şəraitdə birdəfəlik müavinətin nominal artırılması ailənin real xərclərinin eyni səviyyədə azalması demək deyil”.
İqtisadçı bildirib ki, 1500 manat uşağın doğulması zamanı yaranan ilkin xərclərin müəyyən hissəsini qarşılamağa kömək edə bilər:
“Ancaq bu məbləğ ailənin sonrakı aylarda üzləşəcəyi maliyyə yükünü aradan qaldırmır. Uşağın dünyaya gəlməsi ailə üçün birdəfəlik xərc deyil, uzunmüddətli sosial və iqtisadi məsuliyyətdir. Demoqrafik siyasətə gəldikdə isə doğum müavinətinin artırılması təkbaşına doğum səviyyəsini yüksəltmək üçün kifayət etməyəcək. Ailələr daha çox uşağa sahib olmaq barədə qərar verərkən yalnız doğuş zamanı alacaqları müavinəti düşünmürlər. Onlar gələcək gəlirlərini, mənzil şəraitini, iş təminatını, uşaq bağçasına çıxış imkanlarını, təhsil və səhiyyə xərclərini də nəzərə alırlar. Gənc ailənin sabit gəliri, əlçatan mənzil imkanı və sosial təminatı yoxdursa, birdəfəlik ödəniş onun uzunmüddətli qərarına ciddi təsir göstərməyəcək.
Dövlətin sosial siyasəti uşağın doğulduğu gün verilən ödənişlə məhdudlaşmamalıdır. Uşağa qulluğa görə aylıq müavinətlərin artırılması, məktəbəqədər təhsilin əlçatanlığının təmin edilməsi, uşaq bağçalarının sayının artırılması, aztəminatlı ailələrə ünvanlı dəstəyin genişləndirilməsi, işləyən valideynlər üçün çevik iş imkanlarının yaradılması daha davamlı nəticə verə bilər. Xüsusilə çoxuşaqlı və aşağı gəlirli ailələr üçün fərqli sosial dəstək mexanizmləri tətbiq edilməlidir”.
A.İbrahimov qeyd edib ki, sosial müavinətlərin artırılması qiymətlərin bahalaşması ilə paralel aparılmalıdır:
“Əgər ailənin aldığı əlavə vəsait bazarda qiymət artımı nəticəsində qısa müddətdə öz alıcılıq qabiliyyətini itirirsə, bu dəstəyin real sosial effekti zəifləyir. Sosial siyasətin nəticəsi ayrılan vəsaitin nominal həcmi ilə deyil, həmin vəsaitin ailənin həyat şəraitinə real təsiri ilə ölçülməlidir. Azərbaycanda demoqrafik siyasətə daha sistemli yanaşılmalıdır. Uşağın doğulmasına görə müavinət artırılmalı, eyni zamanda uşağın böyüdülməsi və ailənin sosial rifahının qorunması üçün uzunmüddətli dəstək mexanizmləri formalaşdırılmalıdır. Əks halda, 1500 manatlıq ödəniş müsbət sosial yardım olaraq qalacaq, lakin ölkədə doğum səviyyəsinin yüksəldilməsinə və ailələrin iqtisadi vəziyyətinin əsaslı yaxşılaşdırılmasına yetərli təsir göstərməyəcək. Ailələrə uşağın dünyaya gəldiyi gün dəstək vermək çox vacibdir”.
