MRT və KT müayinəsinə getməzdən əvvəl bu xəbəri oxuyun: Yeni qayda gündəmə gəldi

Azərbaycanda MRT və KT müayinələrinə tələbatın artması, dövlət tibb müəssisələrində avadanlıq çatışmazlığı və uzun növbələr vətəndaşların narazılığına səbəb olur. Problemin həlli üçün özəl klinikalarda mövcud olan tibbi avadanlıqların da icbari tibbi sığorta sisteminə cəlb edilməsi təklif olunur. Bu, həm xəstələrin müayinələrə daha əlçatan olmasına, həm də mövcud tibbi imkanlardan səmərəli istifadəyə şərait yarada bilər.

Referans Media-ya açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla hesab edir ki, özəl sektorda istifadə olunmayan MRT və KT aparatlarının icbari tibbi sığorta sisteminə qoşulması vacibdir.

“Özəl sektordakı avadanlıqlardan niyə istifadə olunmasın?”

“Bu məsələ hazırda çox ciddi aktuallıq kəsb edir. Bir tərəfdən MRT və KT müayinələrinə ehtiyacı olan xəstələrin sayı artır, digər tərəfdən isə müayinələri həyata keçirəcək avadanlıqların çatışmazlığı uzun növbələr yaradır.

Vətəndaşların məmnunluğunu təmin etmək və onların işini asanlaşdırmaq üçün özəl sektorda mövcud olan avadanlıqların da icbari tibbi sığorta sisteminə cəlb edilməsi yaxşı olardı. Azərbaycanın rayonlarında və iri şəhərlərində kifayət qədər MRT və KT aparatları var. Bu avadanlıqların bir qismi istifadə olunmadan qalır. Belə olan halda, niyə həmin imkanlardan yararlanılmasın?”

“Həm xəstələr əziyyət çəkməz, həm də peşəkarlıq artar”

“Özəl klinikalar sistemə cəlb olunarsa, həmin müəssisələrdə təcrübəli radioloqların xidmətindən də istifadə etmək, mütəxəssislər arasında əməkdaşlıq və konsultasiya imkanları yaratmaq olar. Bu, həm tibbi xidmətin peşəkarlığını artırar, həm avadanlıqların səmərəli işləməsinə, həm də xəstələrin uzun müddət növbə gözləməməsinə kömək edər.

Burada əsas məsələ işin düzgün təşkilidir. Mövcud avadanlıqların siyahıya alınması, əvvəlki ilin göstəriciləri əsasında illik müayinə tələbatının müəyyənləşdirilməsi və xidmətlərin buna uyğun təşkili mümkündür”.

“İnsanların bu istiqamətdə tələbləri haqlıdır”

“Düşünürəm ki, insanların tələbləri bu istiqamətdə tamamilə haqlıdır. Sadəcə, sistem düzgün təşkil edilməlidir ki, vətəndaşlar mövcud imkanlardan yararlana bilsinlər. Bir çox klinikalarda avadanlıqlar istifadəsiz qalır.

MRT və KT müayinələrinin müəyyən hissəsinin vətəndaş, digər hissəsinin isə dövlət tərəfindən qarşılanması mexanizmi mövcuddursa, bu imkanlardan daha geniş istifadə edilməlidir. Əsas məqsəd həm mövcud tibbi resursları işə salmaq, həm də xəstələrin müayinələrə çıxışını asanlaşdırmaq olmalıdır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki