Azərbaycanda bank kartlarından istifadə ilə bağlı tətbiq olunan yeni məhdudiyyətlər vətəndaşların gündəlik maliyyə əməliyyatlarına təsiri baxımından müzakirələrə səbəb olub. Eyni valyutada ikinci debet kartının alınmasına məhdudiyyət qoyulması, kartdan-karta pul köçürmələrinə gündəlik limitlərin tətbiqi və pulköçürmə terminallarında komissiyaların tutulması bu dəyişikliklərin əsas istiqamətlərindəndir.
Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu dəyişikliklərin əsas məntiqi kartlardan istifadəni məhdudlaşdırmaqdan çox, maliyyə əməliyyatlarında riskləri və şəffaf olmayan pul dövriyyəsini azaltmaqdır.
Onun sözlərinə görə, 2026-cı il avqustun 1-dən tətbiq olunan yanaşmada xüsusilə kartlara vəsaitin çoxsaylı şəkildə daxil edilməsi, dələduzluq, qeyri-qanuni maliyyə sxemləri, vergidən yayınma və digər risklərin qarşısının alınması hədəflənir. Azərbaycan Banklar Assosiasiyası da bildirir ki, limitlər orta statistik əməliyyatlar və normal müştəri davranışları təhlil edilərək risklərin idarə olunması məqsədilə müəyyənləşdirilib.
Akif Nəsirli qeyd edib ki, eyni valyutada ikinci debet kartına məhdudiyyət də bu risk əsaslı yanaşmanın bir hissəsidir. Hazırkı izahdan görünür ki, söhbət bütün kartların bağlanmasından deyil, eyni bankda eyni məhsul və eyni valyuta üzrə kartların sayının standartlaşdırılmasından gedir. Əməkhaqqı, pensiya və sosial ödəniş kartları, sahibkarlıq və depozit hesablarına bağlı kartlar isə istisnadır.
Ekspertin fikrincə, gündəlik limitlərin və terminal komissiyalarının vətəndaş üçün mənfi tərəfi ondan ibarət ola bilər ki, əvvəllər çoxsaylı kiçik ödənişlər edən və ya terminal vasitəsilə tez-tez pul yatıran şəxslər əlavə xərc və prosedurla qarşılaşa bilərlər.
“Xüsusilə kiçik sahibkarlar, ailə üzvlərindən mütəmadi pul qəbul edənlər və nağd pulu terminal vasitəsilə karta yatıran şəxslər bunu daha çox hiss edə bilərlər. Bununla belə, sağlam əməliyyat aparan və limitə ehtiyacı olan müştərilər üçün bankların risk əsaslı fərdi limit və istisnalar tətbiq edə bilməsi nəzərdə tutulur”, – deyə o bildirib.
Akif Nəsirli vurğulayıb ki, bu dəyişikliklərin nağdsız ödənişləri avtomatik olaraq zəiflətməsi məcburi deyil. Onun sözlərinə görə, məqsəd vətəndaşın kartla mağazada, POS-terminalda və onlayn ödəniş etməsinə mane olmaq yox, kartların pul qəbul edən alət kimi kütləvi və nəzarətsiz istifadəsini azaltmaqdır.
“Qaydalar düzgün tətbiq olunarsa, nağdsız ödənişlərin özündən daha çox, qeyri-şəffaf kart dövriyyəsinə təsir göstərə bilər.
Əsas məsələ limitlərin normal istifadəçini sıxmamasıdır. Əgər vətəndaş gündəlik ehtiyacları üçün bank köçürmələrindən, POS və onlayn ödənişlərdən rahat istifadə edə bilirsə, dəyişikliklərin əsas yükü riskli və qeyri-adi əməliyyatların üzərinə düşəcək. Əksinə, limitlər real ehtiyacları nəzərə almadan sərtləşdirilərsə, bəzi vətəndaşları yenidən nağd pula yönəltmək riski də yaranır. Buna görə bankların limitləri müştərinin əməliyyat tarixçəsinə və fəaliyyətinin xarakterinə uyğun diferensial tətbiq etməsi daha məqsədəuyğun yanaşmadır”, – deyə ekspert əlavə edib.
Gülnaz Abdullazadə
