Son dövrlərdə vətəndaşlara bankların adından saxta zənglər, SMS-lər və müxtəlif linklər göndərilərək kart məlumatlarının ələ keçirilməsi hallarına rast gəlinir.
Referans Media-ya açıqlama verən İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, bu tip fırıldaqlarda əsas məqsəd vətəndaşı panikaya salaraq onun kart məlumatlarını, SMS təsdiq kodunu və ya internet-bankçılıq hesabının giriş məlumatlarını əldə etməkdir.
İT təhlükəsizliyi baxımından vətəndaşlar bir sıra əlamətlərə xüsusilə diqqət etməlidirlər. Belə ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs kartın bloklanacağını, hesabda problem olduğunu və ya şübhəli əməliyyat aşkarlandığını deyərək məlumat tələb edirsə, ehtiyatlı olmaq lazımdır. Bank əməkdaşı adı ilə zəng edən şəxsin kimliyinə yalnız zəng edən nömrəyə baxaraq inanmaq olmaz.
“Kartınız bloklanıb”, “hesabınızı təsdiqləyin”, “geri ödəniş əldə edin” kimi təcili mesajlarla göndərilən linklər də fişinq hücumunun əlaməti ola bilər. Linkə klikləmədən əvvəl ünvanı diqqətlə yoxlamaq lazımdır.
Mütəxəssis qeyd edib ki, kartın PIN-kodu, CVV/CVC kodu, internet-bankçılıq parolu və xüsusilə SMS-lə gələn birdəfəlik təsdiq kodu (OTP) heç kimə deyilməməlidir.
Eyni zamanda, vətəndaşı təcili qərar verməyə məcbur edən ifadələr də sosial mühəndisliyin klassik nümunələrindəndir. “İndi təsdiqləməsəniz, hesabınız bağlanacaq” və ya “əməliyyatı ləğv etmək üçün kodu deyin” kimi ifadələrə qarşı diqqətli olmaq lazımdır.
Kamran Əsədullayevin sözlərinə görə, görünüşcə bankın rəsmi saytına bənzəyən saxta internet səhifələri də yaradıla bilər. Buna görə bankın tətbiqinə və ya saytına SMS-dəki linkdən deyil, rəsmi tətbiqdən və ya əvvəlcədən məlum olan rəsmi ünvandan daxil olmaq daha təhlükəsizdir.
Mütəxəssis vətəndaşlara OTP/SMS kodunu, PIN və CVV/CVC məlumatlarını heç kimlə paylaşmamağı, şübhəli SMS və e-poçtlardakı linkləri açmamağı tövsiyə edib. Həmçinin bank tətbiqində bildirişlərin aktivləşdirilməsi, mümkün olduğu halda iki mərhələli autentifikasiyadan (2FA) istifadə edilməsi, telefonun, bank tətbiqinin və əməliyyat sisteminin yenilənmələrinin vaxtında quraşdırılması vacibdir.
Bundan başqa, bank hesabına giriş üçün sadə və digər platformalarda istifadə olunan eyni paroldan istifadə edilməməli, tanımadığı şəxslərin göndərdiyi fayllar və tətbiqlər quraşdırılmamalıdır.
Kart məlumatlarının oğurlandığından şübhələnən vətəndaş kartı dərhal bloklamalı və bankın rəsmi kanalı ilə əlaqə saxlamalıdır.
Mütəxəssis vurğulayıb ki, bank əməkdaşı adı ilə zəng edən şəxs məxfi kart məlumatı və ya SMS təsdiq kodu istəyirsə, söhbəti dayandırmaq və bankla rəsmi kanal vasitəsilə özünün əlaqə saxlaması ən doğru addımdır.
Onun sözlərinə görə, texniki baxımdan burada əsas təhlükə yalnız kart məlumatlarının oğurlanması deyil. Fırıldaqçılar getdikcə daha çox sosial mühəndislik, fişinq, saxta saytlar və OTP kodlarının ələ keçirilməsi kombinasiyasından istifadə edirlər. Buna görə ən güclü müdafiə həm texniki təhlükəsizlik tədbirləri, həm də istifadəçinin məlumatlılığıdır.
Gülnaz Abdullazadə
