Meksikada fəaliyyət göstərən Los Reyes cinayətkar qruplaşmasının ehtimal olunan lideri Alfonso Fernandez Maqalyon (“Ponço” ləqəbi ilə tanınır) təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
Referans Media xəbər verir ki, bu barədə Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Arfuşun açıqlama verib. O bildirib ki, əməliyyat hərbçilər və hüquq-mühafizə orqanlarının birgə iştirakı ilə həyata keçirilib.
Bildirilib ki, ABŞ hakimiyyəti daha əvvəl Ponçonun yerinin müəyyənləşdirilməsi və tutulmasına kömək edəcək məlumat üçün 5 milyon dollaradək mükafat elan etmişdi.
Nazirin sözlərinə görə, saxlanılmadan sonra qruplaşma üzvləri şübhəlinin təhlükəsizlik qüvvələri tərəfindən aparılmasına mane olmaq üçün bir neçə magistral yolu bağlayıb və müxtəlif ərazilərdə avtomobilləri yandırıblar.
Milenio qəzetinin məlumatına əsasən, Ponço narkotik qaçaqmalçılığı, avtomobil oğurluğu və hədə-qorxu yolu ilə gəlir əldə etməkdə şübhəli bilinir. Nəşr qeyd edir ki, Los Reyes karteli “La Resistencia” adı ilə də tanınan Carteles Unidos cinayətkar təşkilatının tərkibinə daxildir.
