Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya qoşunları 2026-cı ilin iyul ayında həlak olan və yaralananlar da daxil olmaqla ümumilikdə 42 860 nəfər itki verib.
Referans Media xəbər verir ki, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri qeyd edirlər ki, bu, müharibənin bütün dövrü ərzində ən yüksək aylıq göstəricidir.
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 31-də bildirib ki, 2022-ci ilin fevralından bəri Rusiya 700 minə yaxın hərbi qulluqçusunu (həlak olanlar) itirib, Rusiya Silahlı Qüvvələrinin ümumi itkiləri isə 1,6 milyon nəfərə yaxınlaşıb.
Bununla bərabər, böyük itkilərə baxmayaraq, Rusiya hücumunun templəri həddindən artıq aşağıdır. ISW-nin qiymətləndirməsinə görə, iyul ayı ərzində Rusiya qoşunları Ukrayna ərazisində cəmi 37,85 kv. km irəliləyə bilib ki, bu da Manhettenin sahəsindən azdır və sutkada orta hesabla 1,22 kv. km-ə uyğun gəlir. Rusiya bölmələrinin yalnız Ukrayna müdafiəsinə daxil ola bildiyi ərazilər nəzərə alınarsa, ələ keçirilən və ya atəş nəzarəti altında olan ərazinin ümumi sahəsi təxminən 121,56 kv. km təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin iyulunda Rusiya ordusu 455,74 kv. km ərazi ələ keçirmişdi. Beləliklə, analitiklər göstərirlər ki, hətta lokal yarılma taktikası nəzərə alınsa bələ, hazırkı hücum templəri martın ortalarında başlayan yaz-yay hücumundan əvvəlki, yəni 2026-cı ilin fevral göstəricilərini yalnız cüzi dərəcədə üstələyir.
ISW-nin qiymətləndirməsinə görə, itkilərin və əldə olunan nəticələrin nisbəti Rusiya üçün getdikcə daha əlverişsiz olur.
Ukrayna Baş Qərargahının məlumatına əsasən, iyul ayında Rusiya qoşunları irəliləyə və ya daxil ola bildiyi hər kvadratkilometr əraziyə görə orta hesabla 353 nəfər, tam ələ keçirilən hər kvadratkilometrə görə isə 1 132 nəfər itirib. ISW yaxın perspektivdə Rusiya qoşunlarının irəliləyişi kəskin şəkildə sürətləndirə biləcəyinə və ya miqyaslı manevr əməliyyatları imkanlarını bərpa edəcəyinə dair heç bir əlamət görmür.
Bu fonda Rusiya Federasiyası hücumu olduğundan daha uğurlu təqdim etməyə çalışaraq informasiya kampaniyasını gücləndirir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitikləri iyulun 1-də dərc olunmuş tədqiqatda Rusiya ordusunun genişmiqyaslı müharibənin əvvəlindən 2026-cı ilin iyun ayına qədər olan ümumi itkilərini təxminən 1,4 milyon nəfər həcmində qiymətləndiriblər. CSIS-in məlumatına görə, 2026-cı ilin birinci yarısında Rusiya hər ay 30 min ilə 34 min arasında hərbi qulluqçu itirib ki, bu da yeni müqaviləçilərin cəlb edilmə tempini üstələyib./Musavat.com/
