Meksika ordusunun xüsusi təyinatlıları və federal təhlükəsizlik qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində “Los Reyes” narko-kartelinin rəhbəri, cinayət aləmində “Ponço” ləqəbi ilə tanınan Alfonso Fernandes Maqalyon saxlanılıb.
Referans Media xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, “Ponço” beynəlxalq səviyyədə axtarışda olan ən təhlükəli narkobaronlardan biri hesab edilirdi. ABŞ hakimiyyəti onun yerini göstərən və ya həbs olunmasına kömək edəcək məlumat üçün 5 milyon dollar məbləğində böyük mükafat təyin etmişdi. Xüsusi hazırlıqla həyata keçirilən əməliyyat zamanı kartel başçısı müqavimət göstərə bilmədən ələ keçirilib.
Qeyd edək ki, Alfonso Fernandes Maqalyonun rəhbərlik etdiyi “Los Reyes” qruplaşması ABŞ-yə külli miqdarda narkotik vasitələrin qanunsuz daşınmasında, habelə regionda silsilə ağır cinayətlərin törədilməsində ittiham olunur.
