Bu gün ABŞ-ın 3 ştatında eyni vaxtda 3 ölüm hökmü icra olunacaq.
Referans Media "Associated Press"-ə istinadən xəbər verir ki, Tennessi, Alabama və Oklahoma ştatlarının hakimiyyət orqanları bu gün üç məhbusu edam etməyi planlaşdırır. Bu, təxminən 16 il ərzində ABŞ-da eyni gündə üç edamın təyin edilməsi ilə bağlı ilk haldır. Hökmlərin hamısı ölümcül inyeksiya ilə həyata keçiriləcək.
Tennessi 1985-ci ildə qulluqçunu öldürməkdə təqsirli bilinən Entoni Darrel Haynsı edam etməyi planlaşdırır. Alabamada beş yaşlı qızı zorlamaqda və öldürməkdə təqsirli bilinən Jeremy Williamsın, Oklahomada isə 2003-cü ildə sevgilisini öldürməkdə təqsirli bilinən Karlos Kuesta-Rodrigesin edam edilməsi planlaşdırılır.
Agentlik qeyd edir ki, bir gündə üç edam ABŞ-da edamların sayının artmasını əks etdirir və bu, ölüm hökmünü fəal şəkildə tətbiq etməyə davam edən bir neçə ştatın təsiri altında baş verir.
2025-ci ildə ölkədə 47 edam həyata keçirilib ki, bu da 2009-cu ildən bəri ən yüksək rəqəmdir.
