ABŞ-də ölkədə doğum etməklə uşaqlarına avtomatik vətəndaşlıq qazandırmaq istəyən xarici vətəndaşlara qarşı mübarizə sərtləşdirilib. ABŞ Dövlət Departamenti “doğum turizmi” ilə bağlı viza sui-istifadələrinin qarşısını almaq üçün xüsusi işçi qrupunun yaradıldığını açıqlayıb.
Referans Media-ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, aparılan əməliyyatlar çərçivəsində yalnız ötən ay doğum məqsədilə viza aldığı müəyyən edilən 600-dən çox xarici vətəndaşın vizası dərhal ləğv edilib.
ABŞ administrasiyası xarici vətəndaşların viza prosesindən sui-istifadə edərək doğum turizmini kommersiya fəaliyyətinə çevirməsini qanunların istismarı kimi qiymətləndirir.
Dövlət Departamentinin açıqlamasında ABŞ vətəndaşlığının immiqrasiya qanunlarından qəsdən sui-istifadə etməklə əldə ediləcək bir “əmtəə” olmadığı bildirilib. Yeni yaradılan işçi qrupunun əsas məqsədi doğum turizmi şəbəkələrini müəyyənləşdirmək və bu fəaliyyətin qarşısını almaqdır.
Bu praktikanın xüsusilə imkanlı xaricilər və ABŞ-də doğuş yolu ilə uşaqlarına vətəndaşlıq qazandırmaq istəyən şəxslər arasında populyar olduğu qeyd edilir.
ABŞ Prezidenti Donald Tramp ölkə ərazisində doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsini nəzərdə tutan konstitusion müddəanın dəyişdirilməsi üçün hüquqi proses başladıb. Lakin ABŞ Ali Məhkəməsi bu hüququn ləğvinə yönəlmiş müraciəti rədd edib.
Bundan sonra administrasiya vətəndaşlıq hüququnu birbaşa ləğv etmək əvəzinə, viza şərtlərini sərtləşdirmək və doğum turizmini təşkil edən şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində addımlar atmağa başlayıb.
