Türkiyənin Ukraynaya ABŞ istehsalı uzaqmənzilli raket və artilleriya sistemləri verməyə hazırlaşması Rusiya mediasında sərt reaksiyalara səbəb olub.
Referans Media xəbər verir ki, “Svobodnaya Pressa” bu barədə material dərc edib. Məlumata görə, söhbət 12 ədəd M270 reaktiv yaylım atəşi sistemi, 70 ədəd M39 ATACMS ballistik raketi, 2 524 ədəd M26 raketi və 47 min 203 millimetrlik M509A1 kasetli artilleriya mərmisindən gedir. ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi bildirişdə bu silahların Türkiyədən Ukraynaya ötürülməsinə dair prosedurun başladığı qeyd olunur.
Xüsusilə ATACMS raketlərinin verilməsi Moskvanın narahatlığını artıran məqam kimi qiymətləndirilir. M39 versiyasının təxminən 165 kilometrədək məsafədə hədəflərə zərbə endirmək imkanına malik olduğu bildirilir. M270 sistemləri isə həm ATACMS, həm də M26 və digər uyğun raketlərdən istifadə edə bilir.
Rusiya mediasında bu addım Ankaranın Ukrayna məsələsində Qərblə hərbi əməkdaşlığının dərinləşməsinin göstəricisi kimi təqdim edilir. Xüsusilə kasetli sursatların böyük həcmdə ötürülməsi ciddi müzakirə mövzusudur. “Human Rights Watch” da ABŞ Konqresinə müraciət edərək Türkiyənin bu sursatları Ukraynaya verməsinin qarşısının alınmasını istəyib və onların mülki əhali üçün uzunmüddətli təhlükə yaratdığını bildirib.
Moskva üçün məsələnin başqa bir həssas tərəfi isə Türkiyənin NATO üzvü olmasıdır. Ankara son illərdə Rusiya ilə iqtisadi və diplomatik əlaqələri qorusa da, eyni zamanda Ukraynaya müxtəlif növ hərbi texnika və sursatların verilməsində iştirak edib. Yeni paket bu ziddiyyətli siyasətin daha bir nümunəsi kimi qiymətləndirilir.
Bununla belə, 70 ATACMS raketinin Ukraynaya verilməsi müharibənin gedişini köklü şəkildə dəyişəcəkmi, bunu indidən demək çətindir. Raketlərin real təsiri onların hansı hədəflərə qarşı, hansı intensivlikdə və Rusiyanın hava hücumundan müdafiə imkanları şəraitində istifadə edilməsindən asılı olacaq. Ona görə də Rusiya mediasında səslənən “Ukraynaya verilən raketlərin böyük hissəsi artıq məhv edilib” və “ATACMS-in effektivliyi cəmi bir neçə faizdir” kimi konkret rəqəmlərə ehtiyatla yanaşmaq lazımdır.
Qeyd edək ki, Türkiyənin bu addımı Ankara ilə Moskva arasındakı münasibətlərdə yeni gərginlik yarada bilər. Əsas məsələ 70 raketin özündən daha çox, Türkiyənin NATO çərçivəsində Ukraynaya hərbi dəstəyini hansı səviyyəyə qədər artıracağıdır. Ankara Rusiya ilə iqtisadi əlaqələri qorumaqda davam etsə də, Ukraynaya belə geniş silah paketinin verilməsi onun Qərb təhlükəsizlik sistemindən tam uzaqlaşmaq niyyətində olmadığını göstərən ciddi siyasi mesajdır./Musavat.com/
