Argentinanın Pataqoniya bölgəsində yerləşən "Nahuel Huapi" Milli Parkındakı Viktoriya adasına 1950-ci illərdə Cənub-Şərqi Asiyadan gümüş qırqovullar gətirilib. Yeni mühitə uyğunlaşan quşlar illər ərzində çoxalaraq adanın müxtəlif ərazilərinə yayılıb. Lakin sonradan aparılan araşdırmalar onların yerli ekosistemə mənfi təsir göstərdiyini üzə çıxarıb.
Referans Media xəbər verir ki, alimlər müəyyən ediblər ki, gümüş qırqovullar kənardan gətirilmiş bitkilərin meyvə və toxumları ilə qidalanır, sonra isə həmin toxumları ifrazatları vasitəsilə adanın digər ərazilərinə yayırlar. Bu isə yerli bitki örtüyü üçün təhlükə yaradır.
Argentinanın Milli Elmi və Texniki Tədqiqatlar Şurası (CONICET) və Komahue Milli Universitetinin alimlərinin araşdırmasına görə, quşlar insanların daha çox olduğu ərazilərdə üstünlük təşkil edir. Liman ətrafında hər hektara orta hesabla 5,69 gümüş qırqovul düşdüyü halda, təbii quruluşunu qoruyan ərazilərdə bu göstərici 1,77 olub.
Fototələlər vasitəsilə aparılan müşahidələrdə qeydə alınan 710 görüntünün 99,7 faizinin sonradan adaya gətirilmiş heyvan növlərinə aid olduğu müəyyən edilib. Gümüş qırqovullar isə 222 dəfə kameraların obyektivinə düşüb.
Yaranan ekoloji risklərə görə, 2021-ci ildə gümüş qırqovullar Argentinada nəzarət altında saxlanılması nəzərdə tutulan növlər siyahısına daxil edilib. Bununla belə, quşların adadan tamamilə çıxarılması barədə qərar qəbul olunmayıb.
Hazırda əsas məqsəd kənardan gətirilmiş növlərin yerli təbiətə təsirini azaltmaq və adanın təbii bitki örtüyünü qorumaqdır.
