Avropada həyat bahalığı, təhsil sistemindəki problemlər, korrupsiya iddiaları və hökumət siyasətinə qarşı başlayan etirazlar genişlənməkdə davam edir. Müxtəlif ölkələrdə minlərlə insan küçələrə çıxarkən, aksiyaların artıq yalnız meydanlarla məhdudlaşmayacağı görünür.
Referans Media xəbər verir ki, Fransa, İtaliya, Belçika və Albaniyada həftələrdir davam edən nümayişlərdən sonra bu dəfə liman işçiləri hərəkətə keçiblər. Türkiyənin də daxil olduğu 22 ölkədə 113 limanı əhatə edən beynəlxalq tətil çağırışı edilib.
Avropa başda olmaqla müxtəlif qitələrdə fəaliyyət göstərən liman işçiləri müharibə bölgələrinə silah daşınmasına etiraz olaraq beynəlxalq tətil çağırışına qoşulublar. Aksiyaların oktyabrın 30-da keçirilməsi planlaşdırılır.
Etiraz dalğasının diqqətçəkən yeni mərhələsi liman işçilərinin beynəlxalq səviyyədə təşkilatlanmasıdır.
25-dən çox həmkarlar ittifaqı 22 ölkədəki 113 limanı əhatə edən aksiyaya dəstək verib. Tətilin Almaniyanın Hamburq, İspaniyanın Valensiya və Alhesiras, Fransanın Le Havr, Yunanıstanın Pirey və İtaliyanın Genuya limanları kimi mühüm ticarət mərkəzlərinə təsir göstərəcəyi gözlənilir.
Təşkilatçılar aksiyaların Aralıq dənizində yükdaşımaların 40 faizdən çoxunda fasilələrə səbəb ola biləcəyini və dəyəri 2 milyard dolları aşan ticarət yükünə təsir göstərəcəyini bildirirlər. Lakin tətilə neçə işçinin qoşulacağı və ticarətin hansı miqyasda dayanacağı hələ dəqiq deyil.
İtaliyada USB həmkarlar ittifaqının çağırışı ilə oktyabrın 30-da dövlət və özəl sektoru əhatə edən 24 saatlıq ümumi tətil planlaşdırılıb. Ölkənin 40-dan çox şəhərində etiraz aksiyalarının keçirilməsi gözlənilir.
Dəmir yolu nəqliyyatında oktyabrın 29-u saat 21:00-dan oktyabrın 30-u saat 20:59-dək fasilələrin yarana biləcəyi bildirilir. Hava nəqliyyatında da tətilin cümə günü ərzində təsirli olacağı gözlənilir.
Həmkarlar ittifaqları maaşların inflyasiyaya uyğun artırılmasını, kirayə və gündəlik tələbat xərclərinin azaldılmasını, hərbi xərclər əvəzinə səhiyyə və təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər.
Etirazların əsas mərkəzlərindən biri olan Fransada gərginlik davam edir.
Oktyabrın 24-də ölkə üzrə keçirilən nümayişlərdə Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, 410 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə iştirakçıların sayının bundan təxminən iki dəfə çox olduğunu iddia edirlər.
Aksiyalar zamanı 1 314 nəfər saxlanılıb, təxminən 50 polis əməkdaşı yaralanıb. Hadisələrin genişlənməsinin qarşısını almaq üçün ölkə üzrə 70 min polis və jandarm əməkdaşı səfərbər edilib.
Həmkarlar ittifaqları və etiraz qrupları oktyabrın 31-də yeni nümayişlərə çağırıblar. Noyabrın 5-də isə ölkə miqyasında tətil keçirilməsi planlaşdırılır.
Prezident Emmanuel Makron administrasiyası həmkarlar ittifaqları və tələbə nümayəndələri ilə danışıqlar aparsa da, etirazçılar hökumətin təklif etdiyi həll yollarını yetərli hesab etmirlər.
Belçikanın paytaxtı Brüsseldə oktyabrın 24-də keçirilən hökumət əleyhinə nümayişlər zamanı polis etirazçılara gözyaşardıcı qaz və bibər qazı ilə müdaxilə edib.
Albaniyada isə korrupsiya iddiaları, işsizlik və təhsil sistemindəki problemlərə qarşı başlayan tələbə aksiyaları hökumət əleyhinə nümayişlərə çevrilib.
Paytaxt Tiranda oktyabrın 24-də minlərlə insanın qatıldığı aksiyalarda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib. Bəzi dövlət binalarına hücum edilib, onlarla nümayişçi saxlanılıb.
Araşdırmaya görə, Avropadakı etirazlarda Z nəslinin artan fəallığı diqqət çəkir.
Fransa, İtaliya, Belçika və Albaniyada gənclər təhsildə bərabər imkanların olmamasına, həyat bahalığına, işsizliyə və korrupsiya iddialarına etiraz edirlər.
Almaniyada da oktyabrın 31-dən noyabrın 1-dək həyat bahalığı, bərabərsizlik, müharibə siyasəti və təhsil sistemindəki problemlərə qarşı nümayişlərin keçirilməsi planlaşdırılır.
Avropada etirazların qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir. Xüsusilə oktyabrın 30-da keçiriləcək beynəlxalq liman tətili, oktyabrın 31-də Fransada planlaşdırılan yeni nümayişlər və noyabrın 5-də ölkə miqyaslı tətil çağırışı diqqət mərkəzindədir.
Limanlardakı aksiyaların ticarət daşımalarına təsiri və hökumətlərin etirazçıların tələblərinə necə cavab verəcəyi izlənilir./musavat.com/
