“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülərin komandadakı mövqeyi möhkəmlənir. “Barselona” ilə keçirilən “El-Klasiko”da göstərdiyi performansla baş məşqçi Joze Mourinyonun etimadını qazanan gənc yarımmüdafiəçinin artıq komandanın əsas oyunçularından birinə çevrildiyi bildirilir.
Referans Media xəbər verir ki, İspaniyanın “Marca” nəşrinin məlumatına görə, Arda bundan sonra hesabda ciddi üstünlük yaranmadığı təqdirdə əvəzlənməsi gözlənilməyən futbolçular sırasına daxil edilib. Bu siyahıda Federiko Valverde, Cud Bellinqem və Kilian Mbappe kimi ulduzların da adı var.
Arda Gülər “Real Madrid”in səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub etdiyi “El-Klasiko”ya start heyətində başlayıb və yalnız 90-cı dəqiqədə meydanı tərk edib.
Türkiyə millisinin üzvü bu mövsüm start heyətində meydana çıxdığı oyunlarda tez-tez ikinci hissədə əvəzlənirdi. Bu qərarlar İspaniya mətbuatında müzakirələrə səbəb olur, Ardanın meydanda daha çox qalmalı olduğu vurğulanırdı.
“Marca”nın yazdığına görə, “Barselona” ilə matçdakı çıxışından sonra futbolçunun komandadakı rolu dəyişib. Nəşr Ardanı Mourinyonun oyun planının vacib hissələrindən biri kimi qiymətləndirib və onun “Real Madrid”in Mbappedən sonra ən təsirli hücumçularından biri olduğunu qeyd edib.
Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində meydana çıxdığı 12 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Gənc futbolçunun yüksələn performansı onun komandadakı mövqeyini daha da möhkəmləndirib.
