Bu kəndlərdə ev almağa tələsin - kəskin bahalaşacaq

Azərbaycanda “Turizm kəndi” konsepsiyası çərçivəsində turizm potensialına malik kəndlərin müəyyənləşdirilməsi xüsusi meyarlar əsasında aparılacaq.

Referans Media bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. 

Bildirilib ki, hazırda Qusar rayonunun Laza, Quba rayonunun Qrız, Qəbələ rayonunun Duruca, Qax rayonunun İlisu və Sarıbaş, İsmayıllı rayonunun İvanovka, Lerik rayonunun Bibiyani və Astara rayonunun Sım kəndlərini əhatə edən “Turistik kənd” layihəsi mərhələli şəkildə həyata keçirilir.

Agentlikdən qeyd olunub ki, Azərbaycan Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Turizm kəndi” konsepsiyasının formalaşdırılması və bu istiqamətdə müvafiq normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur.

Mövcud “Turistik kənd” layihəsi çərçivəsində sözügedən kəndlərdə turizm infrastrukturunun inkişafı ilə yanaşı, aidiyyəti dövlət qurumları ilə institusional əməkdaşlıq, özəl sektorun prosesə cəlb olunması, qrant mexanizmləri vasitəsilə qeyri-hökumət təşkilatlarının və yerli icmaların iştirakı təmin edilir.

Qeyd olunub ki, yeni Dövlət Proqramı çərçivəsində mövcud təcrübə əsasında “Turizm kəndi” konsepsiyası üçün vahid tənzimləyici çərçivənin yaradılması, kəndlərin müəyyən edilmiş meyarlar əsasında seçilməsi və onların turizm potensialının sistemli şəkildə qiymətləndirilməsi planlaşdırılır.

Hazırda layihəyə daxil olan kəndlərdə başlanılmış işlərin və inkişaf tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur. Yeni yaşayış məntəqələrinin “Turizm kəndi” kimi müəyyənləşdirilməsi isə hazırlanacaq meyarlar, xüsusi inkişaf prinsipləri və normativ hüquqi çərçivə əsasında aparılacaq qiymətləndirmədən sonra mümkün olacaq.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, kəndlərin qiymətləndirilməsi üçün ilkin meyarlar artıq hazırlanıb.

"Seçim zamanı yalnız mövcud turizm resursları deyil, turizmin dayanıqlı inkişafı üçün zəruri olan sosial, infrastruktur, memarlıq və ekoloji amillər də kompleks şəkildə nəzərə alınacaq.

Qiymətləndirmədə yerli icmanın iştirakı, infrastruktur və nəqliyyat əlçatanlığı, memarlıq və mədəni irs, ətraf mühit, xidmət imkanları, eləcə də kəndin ümumi dayanıqlı inkişaf potensialı əsas amillər sırasında olacaq", - deyə rəsmi məlumatda qeyd olunub. 

Agentlikdən o da vurğulanıb ki, hazırda bu meyarlar ilkin qiymətləndirmə çərçivəsini təşkil edir. “Turizm kəndi” konsepsiyası üzrə normativ hüquqi baza formalaşdırıldıqdan sonra meyarların yekunlaşdırılması və müvafiq qaydada təsdiqlənməsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki