Azərbaycan və Özbəkistan münasibətlərində yeni era: Əbədi dostluq müqaviləsi nəyi dəyişir?

Azərbaycan Prezidentinin Özbəkistana son dövlət səfəri çərçivəsində iki ölkə arasında Əbədi Dostluq haqqında Müqavilənin imzalanması Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələnin əsasını qoyur. Sənədin iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eyni zamanda Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olduğu bildirilir.

Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin əbədi dostluq səviyyəsində rəsmiləşməsi gələcək üçün olduqca mühüm və əhəmiyyətli işlərin görülməsi üçün baza yaradır.

Onun sözlərinə görə, Azərbaycan–Özbəkistan münasibətlərini yalnız iki tərəfli münasibətlərə təsir göstərən əlaqə kimi qiymətləndirmək düzgün olmazdı:

“Özbəkistan Mərkəzi Asiyanın ən böyük dövləti olaraq böyük imkanlara və potensiala malik olan bir ölkədir. Mərkəzi Asiya ölkələrinin içərisində Özbəkistanın xüsusi bir yeri var. Ona görə də Azərbaycanla Özbəkistanın əbədi dostluq münasibətlərini həm iki tərəfli münasibətlərdə sərhədsiz və məhdudiyyətsiz əməkdaşlıq imkanı kimi nəzərdən keçirmək lazımdır. Həm də bu münasibətlər Azərbaycanın bütövlüklə Mərkəzi Asiya ilə münasibətlərinin yeni mərhələyə keçməsini xarakterizə edir”.

Politoloq qeyd edib ki, Azərbaycan–Özbəkistan əbədi dostluğu bütün mənalarda dəyərləndirilməlidir.

“Bu, o deməkdir ki, iki ölkə arasında bundan sonra həll edilməz və yaxud anlaşılmaz bir məsələ olmayacaq. Bu o deməkdir ki, iki ölkənin əməkdaşlığı hərbi müstəvidə, sərhəd tanımayan çevrədə və uzaqlıqda dərinləşdirilə bilər”, - deyə Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan–Özbəkistan münasibətlərində əbədi dostluğun rəsmiləşdirilməsi iqtisadi və ticarət əlaqələrini istənilən səviyyəyə qədər qaldırmaq imkanı yaradır.

“Bu, iki ölkənin təhlükəsizlik, müdafiə sahəsində heç kimin qarşısında məsuliyyət və sərhəd tanımadan, məhdudiyyət tanımadan əlaqələrin qurulması imkanı deməkdir. Əgər söhbət əbədi dostluqdan gedirsə, deməli, bu dostluğa xələl gətirən hər hansı bir tərəfdən heç bir addımın atılmaması kimi bir vəziyyətin ortada olduğunu görürük”, - deyə politoloq vurğulayıb.

Aydın Quliyev qeyd edib ki, Əbədi Dostluq haqqında Müqavilə iki dövlətin indiyə qədər keçdiyi yolun mahiyyətindən doğur.

“Əbədi dostluq həm iki dövlətin indiyə qədər gəldikləri bircə yolun mahiyyətindən doğur, həm də bu iki dövlətin heç vaxt bir-birinə, bir-birinin mənafelərinə zidd addım atmayacaqlarına əbədi bir zəmanət deməkdir. Əbədi dostluq iki dövlətin bir yerdə olacağına əbədi qarantiyadır”, - deyə politoloq əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki