Bulvarın statusu dəyişir: Dövlət büdcəsindən asılılıq azalacaq?

Dənizkənarı Bulvar İdarəsinin publik hüquqi şəxsdən dövlətə məxsus kommersiya hüquqi şəxsi olan Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevrilməsi nəzərdə tutulur. Bu dəyişiklik Bulvarın idarəetmə və maliyyələşmə modelində yeniliklərə səbəb ola bilər. QSC statusunun qurumun kommersiya fəaliyyətini genişləndirməsi, öz gəlirlərini artırması və dövlət büdcəsindən asılılığını azaltması gözlənilir.

Mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Dənizkənarı Bulvar İdarəsinin publik hüquqi şəxsdən dövlətə məxsus Qapalı Səhmdar Cəmiyyətə çevrilməsi idarəetmədə daha kommersiya yönümlü modelə keçid yarada bilər.

Onun sözlərinə görə, QSC statusu quruma gəlir gətirən fəaliyyətləri daha çevik təşkil etmək, xidmət və layihələrdən əldə olunan vəsaitləri artırmaq, xərcləri gəlirlərlə daha sıx əlaqələndirmək imkanı verə bilər.

“Bu dəyişiklikdən sonra Bulvarın gəlirlərinin artırılması üçün reklam, icarə, tədbirlərin təşkili, turizm və əyləncə xidmətləri kimi istiqamətlərin daha səmərəli istifadəsi mümkün ola bilər. Öz gəlirlərinin artması dövlət büdcəsindən maliyyələşməyə olan ehtiyacı müəyyən qədər azalda bilər. Lakin Bulvarın ictimai əhəmiyyətli məkan olması nəzərə alınaraq, kommersiya məqsədləri ilə ictimai maraqlar arasında balans qorunmalıdır”, - deyə iqtisadçı qeyd edib.

Akif Nəsirli strukturun və ştat vahidlərinin optimallaşdırılmasının xərclərin azalmasına və idarəetmənin daha səmərəli qurulmasına şərait yarada biləcəyini vurğulayıb.

“Əməkhaqqı sisteminin nəticə və məhsuldarlıqla əlaqələndirilməsi də işçilərin motivasiyasını artıra və əmək xərclərinin daha effektiv idarə olunmasına imkan verə bilər”, - deyə o əlavə edib.

İqtisadçının sözlərinə görə, əsas məqsəd sadəcə hüquqi statusun dəyişdirilməsi deyil, Bulvarın öz gəlirlərini artıran, xərclərini optimallaşdıran və dövlət vəsaitindən asılılığı tədricən azaldan dayanıqlı maliyyə modelinə keçirilməsidir.

“Bununla yanaşı, şəffaflıq və ictimai nəzarət də qorunmalıdır”, - deyə Akif Nəsirli bildirib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki