Hacıqabulda 80 milyon dollardan çox investisiya ilə avtomobil zavodunun tikilməsi və burada tam istehsal dövrünün yaradılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi ilə avtomobil hissələrinin yerli istehsalının genişləndirilməsi, lokallaşdırma səviyyəsinin artırılması və yeni iş yerlərinin yaradılması gözlənilir. Ekspertlər belə layihələrin uzunmüddətli səmərəliliyi üçün əsas şərtlərdən birinin yerli komponent istehsalının artırılması və məhsulların dünya bazarında rəqabətqabiliyyətli olması olduğunu bildirirlər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Referans Media-nın suallarını cavablandırarkən bildirib ki, ölkəmizdə istənilən istiqamətdə, istər təhsil, istər avtomobil, istərsə də istehsal sahələrinin yaradılması olduqca vacib və əhəmiyyətlidir. Onun sözlərinə görə, bu, ölçü iqtisadiyyatı üçün gərəkli addımdır.
“Bu baxımdan Hacıqabulda 80 milyon dollardan çox investisiya ilə yeni avtomobil zavodunun tikilməsi ölçü iqtisadiyyatına çox ciddi töhfələr verə bilər. Azərbaycanda istehsal obyektlərinin, ümumiyyətlə, zavodların tikilməsində yanaşmanın dəyişməsini mən görürəm”, - deyə Vüqar Oruc qeyd edib.
O bildirib ki, bu vaxta qədər istehsal adətən komponentlər baxımından xaricə bağlı olub və bu da məhsulların maya dəyərinin yüksək olmasına səbəb olub:
“Çünki bura qədər istehsalımız adətən komponentlər baxımından xaricə bağlı bir istehsal idi və bu da əgər hər hansı bir ehtiyat hissəsinin yüksək qiymətlərlə xaricdən alınıb ölkəmizə gətirilməsi ilə hər hansı bir məhsulun istehsalı baş verirsə, bu, onun maya dəyərinin yüksək olması ilə nəticələnirdi. Bu da təbii ki, sonrakı mərhələlərdə həmin məhsula müştəri bazasının tapılmaması, onun reallaşdırılmasında problemlərin yaşanması ilə sonuclanırdı”.
Vüqar Orucun sözlərinə görə, avtomobil istehsalı istiqamətində bütün komponentlərin istehsalının ölkəmizdə olması həm yeni iş yerlərinin yaranmasına, həm məşğulluğun, həm də kadr hazırlığının artmasına imkan verə bilər.
“Həm də ixrac olunarsa, hazırlanmış məhsullar, istehsal olunmuş məhsullar sonradan ölkə büdcəsinə çox mühüm gəlirlər daxil etmək, əlavə etmək imkanlarına malikdir. Bu baxımdan düşünürəm ki, avtomobil müxtəlif istiqamətlərdə, hətta kreditlərlə də olsa, dövlət büdcəsi ilə də olsa, investorların cəlb edilməsi ilə də olsa, digər mühüm tələbat olan istiqamətlər üzrə tam istehsal sahələrinin açılmasının təşviq olunması olduqca vacibdir. Bu, ölkədə iqtisadi aktivliyin artmasına və ölkənin iqtisadi gücünün yüksəlməsinə gətirib çıxara bilər”, - deyə ekspert vurğulayıb.
O qeyd edib ki, əsas məsələ istehsal olunan məhsulların dünya bazarında rəqabət imkanlarının yaradılmasıdır:
“Əsas məsələ burada istehsal olunan məhsulların dünya bazarında rəqabət imkanlarının yaradılmasıdır. Bu, həm keyfiyyətin yüksək olması, həm də maya dəyərinin aşağı olması amilləri ilə bağlıdır ki, yəqin ki, istehsalçılar bunu nəzərə alacaqlar”.
Ekspert daha əvvəl İsmayıllıda “VESİBİT” zavodunun tikilməsi və istehsal üçün bir çox komponentlərin ölkəmizdə deyil, xaricdən gətirilməsinin məhsulun maya dəyərinin artmasına və son nəticədə həmin məhsulların reallaşdırılması imkanlarının məhdudlaşmasına gətirib çıxardığını bildirib.
“Eyni taleyi yaşamasın deyə, hər hansı bir istehsal sahəsi yaranırsa, ehtiyat hissələrinin məhz ölkəmizdə istehsalını, ən azı 80 faizinin ölkəmizdə istehsalını çalışmaq lazımdır ki, onun maya dəyəri yüksək olmasın. Çünki istehsal yerli olarsa, düşünürəm ki, eyni Çin Xalq Respublikasında olduğu kimi, Azərbaycanda da dünya bazarının əməkhaqqı bazarı ilə müqayisədə əməkhaqları yüksək olmadığı üçün məhsulların maya dəyəri kifayət qədər böyük olmayacaq. Bu da bizə dünya bazarında rəqabət imkanları yaradacaq”, - deyə Vüqar Oruc əlavə edib.
Keyfiyyət məsələsinə də toxunan ekspert bildirib ki, rəqabətə davamlı olmaq üçün əsas amillərdən biri keyfiyyətdir.
“Ölkəmizdə bu istiqamətdə baza var. Azərbaycanda sovet dövründə də avtomobil zavodları olub. Həmin baza əsasında və eyni zamanda müasir texnoloji inkişafın yeni şərtləri əsasında, hansı ki, bu istiqamətdə istər Çin Xalq Respublikasında, istər Avropa ölkələrində ixtisaslaşmış kadrlar var, müəyyən kadr hazırlığı istiqamətində addımlar atılması lazımdır ki, məhz bu, uzunmüddətli perspektivdə Azərbaycanda dünya avtomobil bazarında öz mövqelərini qazanması ilə nəticələnə bilər”, - deyə o bildirib.
Vüqar Oruc uzunmüddətli perspektiv üçün üç əsas amili qeyd edib: “Birincisi, kadr hazırlığıdır. İkincisi, maya dəyərinin aşağı olmasıdır. Üçüncüsü də istehsal komponentlərinin, yəni ehtiyat hissələrinin ölkəmizdə istehsalının təmin olunmasıdır”.
Ekspert yerli avtomobillərdən istifadənin təşviq olunmasının və yerli avtomobillərdən istifadə üçün kreditləşmə şərtlərinin yumşaldılmasının da vacib olduğunu bildirib.
“Yəni, bu cür təşviq addımları atmaq lazımdır ki, sonra istehsal olunan məhsulun ən azı böyük bir hissəsi yerli bazarda reallaşa bilsin. Bir də kənd təsərrüfatı məhsullarıdır ki, kənd təsərrüfatı texnikalarını bu gün əksəriyyət xaricdən gətirir. Həmin zavodlar kənd təsərrüfatı texnikalarının istehsalı istiqamətində ixtisaslaşmalıdır ki, ölkəmiz idxaldan asılı yaşamasın”, - deyə Vüqar Oruc vurğulayıb.
Gülnaz Abdullazadə
