Bu ölkədə yaşayanlar üçün pis xəbər – Yaxın günlərdə…backend

Bu ölkədə yaşayanlar üçün pis xəbər – Yaxın günlərdə…

  Son günlər beynəlxalq miqrasiya məsələsi daha da qlobal miqyas alıb. Bir çox ölkələr üçün həm humanitar, həm də siyasi problemə çevrilib. Xüsusilə də, ABŞ və Rusiya kimi böyük dövlətlər bu axının qarşısını almaq üçün getdikcə daha sərt siyasətlər yürütməyə başlayıblar. Bir vaxtlar “azadlıq və fürsətlər ölkəsi” kimi tanınan ABŞ bu gün miqrantlar üçün getdikcə daha çətin və təhlükəli bir yerə çevrilir.

Xüsusilə Donald Trampın birinci və hazırkı prezidentliyi dövründə ABŞ-da miqrantlara qarşı sərt yanaşmalar ön plana çıxıb. Tramp administrasiyası qeyri-qanuni miqrasiyaya qarşı sərt tədbirləri ilə yadda qalıb. Son günlər isə ictimaiyyəti şoka salan yeni məlumatlar yayılıb. Floridada, timsahların yaşadığı bataqlıq ərazilərdə miqrantlar üçün saxlama mərkəzləri “Alliqator Alkatraz” adlandırılan həbsxanalar inşa olunur.

Bu yanaşmalar hansı məqsədlərə xidmət edir? Miqrantları yaxın gələcəkdə hansı təhlükələr gözləyir?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, dünyada qeyri-leqal miqrant axının artmasının bir sıra səbəbləri var:

“Bu prosesin başlıca səbəbləri Yaxın Şərq və digər bölgələrdə baş verən siyasi və humanitar böhranlardır. 2001-ci ildə Əfqanıstana, 2003-də isə İraqa hərbi müdaxilələr, sonrakı illərdə Suriyada baş verən vətəndaş müharibəsi regionda geniş humanitar böhran yaratdı. İnsanlar müharibə və zorakılıqdan qaçmaq məcburiyyətində qaldı. Afrikada aclıq və uzunmüddətli quraqlıqlar səbəbindən əhali yaşamaq üçün başqa qitələrə üz tutur. Latın Amerikasında isə narkokartellərin yaratdığı xaotik vəziyyət və anarxiya səbəbindən insanlar ölkələrini tərk edirlər”.

Kazım Kazımov bildirib ki, miqrasiya axını təkcə Qərbə yönəlmir:

“1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra iqtisadi vəziyyətin pisləşməsi səbəbilə Qafqaz və Orta Asiyadan Rusiyaya kütləvi miqrant axını baş verdi. Bu gün həm Rusiya, həm də ABŞ miqrantlardan siyasi rıçaq kimi istifadə etməyə çalışır”.

Kazım Kazımov

Politoloq ABŞ-da miqrasiya siyasətinin sərtləşməsinə də toxunub. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Florida ştatının cənubunda yerləşən “Alliqator Alkatraz” adlı müvəqqəti miqrant saxlama mərkəzinin açılışında iştirak edəcəyi haqqında xəbərlər yayılır:

“Bu mərkəz Everqleyts (Everglades) bataqlığında, timsah, krokodil və pitonların yaşadığı vəhşi təbiət mühitində yerləşir. Florida rəsmilərinin sözlərinə görə, bu təbii şərait “əlavə təhlükəsizlik tədbirləri olmadan belə” mərkəzin qorunmasına imkan verir. Bu addım Trampın sərt və simvolik ritorikasının davamıdır.

Bir daha görünür ki, Trampın miqrasiya siyasəti insan mərkəzli deyil. O, bu məsələni təhlükəsizlik və siyasi populizm prizmasından qiymətləndirir. Belə yanaşma hüquqi, etik və humanitar dəyərlərlə ziddiyyət təşkil edir. Miqrasiya probleminin həlli təhdid və təcrid yolu ilə deyil, qanuni, humanist və sosial inteqrasiyaya əsaslanan siyasətlə mümkündür. Əks halda, bu cür sərt yanaşmalar daha çox insan faciəsinə səbəb olacaq və ABŞ-ın beynəlxalq nüfuzuna ciddi zərər yetirəcək”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki