Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Referans Media Lent.az-a istinadən xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid A.A Dənizkənarı Bulvar İdarəsinə təqsirləndirilənlərdən İlqar Mustafayevlə tanışlıq münasibətinə görə işə daxil olduğunu deyib:
“2020-2021-ci illərdə Bulvar İdarəsində velosipedlərin təmir işinə baxırdım. Onlar çox köhnə idi deyə yeniləmək mümkün olmadı. Mən də öz vəsaitimlə yeni velosipedlər aldım. Sonra 2020-2022-ci illərdə qarajda mexanik işlədim. 2017- 2018- ci ilə kimi vöen-im olub. Maaşım 700 manata yaxın idi, kartla alırdım. Təmir işindən anlayırdım deyə arada qatarların təmir işinə də baxırdım”.
Şahid T.A təqsirləndirilən şəxsləri tanıdığını bildirib:
“İstintaqda məndən soruşdular ki, “Sən pop-korn satıb pulunu kimə verirdin?” Dedim Vüqar müəllimə. Pop-korn aparaturasını özüm almışdım. Haqqımı maaşla alırdım. 2017-2018 vöenim olub. Mən rəislərin heç biri ilə təmasda olmamışam, ancaq Vüqar müəllimi tanımışam. İlqar Mustafayevin qəbulunda bir dəfə olmuşam, o da pop-korn aparaturasının təzələnməsi ilə bağlı olub”.
Şahid M.T satıcı olmadığını, icarə haqqını və pulları aparıb Bulvar İdarəsində təhvil verdiyini bildirib:
“Müdiriyyət deyirdi ki, pulları Fuad müəllimə vermək lazımdır, mən də elə edirdim”.
Növbəti proses 15 iyul saat 15:30-a təyin olunub.
Xatırladaq ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub. Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir
