Azərbaycanda yaşayış evlərinin icbari sığortalanmasına nəzarətlə bağlı yeni mexanizmlərin tətbiqi təklif olunur.
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov bildirib ki, icbari sığortada əsas məsələlərdən biri sığortalanmaya nəzarət mexanizminin gücləndirilməsidir.
Onun sözlərinə görə, qanunvericilikdə icbari sığorta tələbi varsa, bu tələbin icrasına da effektiv nəzarət edilməlidir. Hazırda qeyri-yaşayış sahələrinin icbari sığortasına nəzarəti Fövqəladə Hallar Nazirliyi, yaşayış sahələri üzrə isə yerli icra hakimiyyəti orqanları həyata keçirir.
Qeyri-yaşayış obyektlərində nəzarət mexanizmi daha effektiv işlədiyi üçün həmin sahədə sığortalanma səviyyəsi daha yüksəkdir. Yaşayış evləri üzrə isə mövcud mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac olduğu bildirilir. Bununla bağlı hökumətə təkliflər təqdim edilib.
Təkliflər arasında vətəndaşların müxtəlif dövlət və digər xidmətlər vasitəsilə sığortaya təşviq edilməsi, eləcə də sığortalanmanın əhatə dairəsinin genişləndirilməsi yer alır.
Maraqlıdır, yeni mexanizmlər tətbiq olunarsa, evini sığortalamayan vətəndaşları cərimə gözləyirmi?
Referans Media xəbər verir ki ,sığorta eksperti Vüsal Bədəlov “Cebheinfo.az”- a bildirib ki, qanunvericilikdə yaşayış yerlərinin icbari sığortalanmamasına görə 30 manat cərimə nəzərdə tutulsa da, bu cərimə mexanizmi indiyədək praktik olaraq tətbiq edilməyib:
“Yeni qaydaların isə cərimələrin tətbiqini nəzərdə tutduğu bildirilir. Proses yalnız cərimə ilə məhdudlaşmamalıdır. Əsas məqsəd vətəndaşların sığortanın mahiyyətini anlaması və əmlaklarını mümkün risklərdən qorumağın vacibliyini dərk etməsidir”.
Ekspert qeyd edir ki, düzgün qurulmuş təşviq və maarifləndirmə mexanizmləri həm icbari, həm də könüllü sığorta növlərinin inkişafına müsbət təsir göstərə bilər.
