Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişir

Onlayn kreditləşmədə qaydalar sərtləşdirilir. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov tərəfindən yeni qaydalar təsdiq olunub. Yeni qaydalara əsasən, ölkədə onlayn kreditləşmə prosesində vətəndaşların müdafiəsini gücləndirən bir sıra mexanizmlər tətbiq ediləcək.

Yeniliklər nədən ibarətdir?

Yeni tələblərin əsas məqsədi onlayn kredit fırıldaqçılığının qarşısının alınması, vətəndaşların kiberrisklərdən qorunması və məsafədən kreditləşmədə təhlükəsizliyin artırılmasıdır.

Yeni qaydalara görə, vətəndaşlar öz adlarına məsafədən kredit verilməsinə qadağa qoyulmasını tələb edə biləcəklər. Bu məlumat həm kredit təşkilatlarının sistemlərində, həm də kredit tarixçəsi bazasında qeydiyyata alınacaq. Qadağanın ləğvi isə yalnız əlavə identifikasiya vasitələri və ya birbaşa müraciət əsasında mümkün olacaq.

Digər mühüm dəyişiklik onlayn kredit vəsaitlərinin dərhal təqdim edilməməsi ilə bağlıdır. Belə ki, müəyyən məbləğədək kreditlər üzrə vəsait müqavilə bağlandıqdan 2 saat sonra, daha böyük məbləğlər üzrə isə 24 saat sonra müştərinin istifadəsinə veriləcək. Bu müddət ərzində şübhəli əməliyyatların aşkar edilməsi və qarşısının alınması mümkün olacaq.

Yeni qaydalarda kredit təşkilatlarının məsuliyyəti də artırılır.

Əgər vətəndaş öz adına onlayn kredit verilməsinə qadağa qoyduğu halda sistem nasazlığı və ya digər səbəbdən onun adına kredit rəsmiləşdirilərsə, həmin öhdəlik vətəndaşın üzərinə qoyulmayacaq və məsuliyyət kredit təşkilatının üzərində qalacaq.

Mərkəzi Bankın qərarına əsasən, yeni tələblər 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək. Bu tarixədək banklar və bank olmayan kredit təşkilatları informasiya sistemlərini yeni qaydalara uyğunlaşdırmalıdırlar.

Nə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyir ki,onlayn kreditləşmənin riskləri böyükdür:

“Son dövrlərdə bu sahədə vətəndaş şikayətlərinin sayı artıb. İnsanlar iddia edir ki, “bir də baxıram ki, banka borcum var. Deyirəm ki, mən kredit götürməmişəm, banksa deyir ki, onlayn götürmüsən”. Bəzi vətəndaşlar etiraf edirlər ki, onlara zəngə olunub, bank kodu istənilib. Yəni vətəndaşların çoxu bilmir ki, bank kodu ilə kredit götürülə bilər.

Etiraf edək ki, bu məsələdə vətəndaşlar az məlumatlıdırlar.

Çoxlarının dəqiq anlayışı olmadığı üçün dələduzlar onları aldadıb, adlarına onlayn qaydada kredit götürürlər. Bəzi hallarda isə bankın təhlükəsizlik sistemi qənaətbəxş olmadığı üçün kiberdələduzlar onlayn kredit götürə bilirlər. Belə xoşagəlməz halların aradan qaldırılması üçün yeni qaydaların tətbiqi vacibdir. Bu qaydalar həm bankın, həm də vətəndaşın məsuliyyətini artırır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki