Son günlər “Rabitəbank”ın “Bizim Cəbiş müəllim” filminin məşhur obrazını süni intellekt (AI) vasitəsilə reklam çarxında canlandırması ictimai müzakirələrə səbəb olub. Reklamın yayımlanmasından sonra müəllif hüquqları, milli mədəni irsin qorunması və etik normalarla bağlı suallar gündəmə gəlib. Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova ailədən bu istifadə ilə bağlı heç bir razılıq alınmadığını bildirib, Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM) isə müəllif hüquqları və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
Məşhur film obrazlarının, aktyor ifalarının və ya AI vasitəsilə canlandırılan personajların reklam məqsədilə istifadəsi üçün hüquq sahiblərinin və ya varislərinin razılığı mütləq alınmalıdırmı? Qanun bu məsələyə necə yanaşır?
Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, burda əsas məsələ klassik film obrazlarının, aktyor ifalarının və milli mədəni irsin elementlərinin kommersiya məqsədilə istifadəsi zamanı hansı hüquqi qaydalara əməl olunmalı olmasıdır:
“Bu məsələ bir neçə hüquqi aspektdən qiymətləndirilməlidir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu müəlliflərin, ifaçıların və digər hüquq sahiblərinin hüquqlarını qoruyur. Bir filmdə ssenari, musiqi, rejissor və operator işi, aktyorun ifası, audiovizual əsərin özü, eləcə də müstəqil yaradıcı ifadə elementi kimi tanınan obraz ayrıca hüquq obyektdir. Buna görə də filmdən və ya onun tanınmış obrazından reklam məqsədilə istifadə edilərkən həm müəlliflik, həm də əlaqəli hüquqlar nəzərə alınmalıdır. AI-dən istifadə hüquqi məsuliyyəti aradan qaldırmır. AI yalnız texnoloji vasitədir və hüquqi qiymətləndirmə əldə olunan nəticəyə verilir. Əgər reklam çarxında konkret film obrazı, aktyorun tanınan ifa tərzi, mimikası, səsi və ya xarakterik xüsusiyyətləri kommersiya məqsədilə istifadə olunursa, hüquq sahiblərinin maraqları gündəmə gəlir. Qanunvericiliyə görə, ifaçıların hüquqları müəllif hüquqları ilə yanaşı əlaqəli hüquqlar kimi də qorunur. Aktyorun yaratdığı obraz təkcə mətni səsləndirməkdən ibarət deyil. Onun mimikası, danışıq tərzi, emosional təqdimatı və ifası yaradıcılıq fəaliyyətinin nəticəsi hesab olunur. Buna görə də AI vasitəsilə konkret aktyorun ifası imitasiya edilirsə və tamaşaçı həmin aktyoru tanıyırsa, bu, əlaqəli hüquqların pozulması ilə bağlı hüquqi müzakirələr yarada bilər”.
Ellada Bayramova
Hüquqşünas bildirib ki, müəllif və ya ifaçının vəfat etməsi hüquqların tamamilə aradan qalxması demək deyil:
“Mövcud qanunvericiliyə əsasən müəllifin əmlak hüquqları müəyyən müddət ərzində onun varislərinə keçir. Onlar həmin hüquqlardan istifadəyə razılıq vermək və ya bundan imtina etmək hüququna malik olurlar. Həqiqətən ailənin razılığı alınmayıbsa və istifadə hüququ verilməyibsə, bu məsələ yalnız mövcud müqavilələr, hüquq sahibliyi və filmin hüquqi statusu araşdırıldıqdan sonra hüquqi qiymətləndirilə bilər. “Bizim Cəbiş müəllim” kino tariximizin klassik nümunələrindən biridir. Belə əsərlər təkcə müəllif hüququnun obyekti deyil, həm də milli-mədəni irs hesab olunur. Buna görə də onların reklam məqsədilə istifadəsi cəmiyyətdə etik müzakirələr doğura bilər.
Beynəlxalq praktikada məşhur aktyorların görüntüsü, səsi və rəqəmsal oxşarlığından kommersiya məqsədilə istifadə edilərkən əvvəlcədən hüquq sahibinin yaxud qanuni varislərinin razılığı alınması əsas tendensiyadır. Bir çox ölkədə bu münasibətlər müəllif hüquqları ilə yanaşı, şəxsin obrazı və kommersiya dəyəri üzərində hüquqlar çərçivəsində də qorunur”.
