Miqrant böhranı böyüdü: İspaniya ordunu sərhədə göndərdi

İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Ceutada nizamsız miqrant axınının artması təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinə səbəb olub. Yüzlərlə şəxsin sərhədi keçməyə cəhd etməsindən sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr və zirehli texnika göndərib.

Referans Media xəbər verir ki, son günlər əsasən Mərakeş və Əlcəzair vətəndaşlarından ibarət yüzlərlə miqrant dəniz və quru yolu ilə Ceutaya çatmağa çalışıb. Artan təzyiq fonunda bölgədə təhlükəsizlik səviyyəsi yüksəldilib.

Ceutada zirehli texnika və əsgərlər yerləşdirildi

Bölgədən yayılan görüntülərdə zirehli transportyorlar, hərbi maşınlar və tam təchizatlı əsgərlərin şəhərdə yerləşdirildiyi görünür. Hərbçilər kritik nöqtələrdə təhlükəsizlik tədbirlərinə cəlb olunub, zirehli texnikalar isə şəhər ərazisində patrul xidməti aparır.

800-dən çox miqrant keçməyə çalışdı

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə, 800-dən çox nizamsız miqrant Mərakeşin Kastillexos (Fnideq) sahillərindən üzərək Ceutaya keçməyə cəhd edib. İspaniya xilasedici xidmətləri dənizdən 300-dən çox şəxsi xilas edib. İspan Qızıl Xaç Cəmiyyəti isə daha 117 nəfərə yardım göstərib. Hadisələr zamanı iki nəfərin cəsədi tapılıb.

"Associated Press" agentliyi isə minlərlə şəxsin Tarajal sərhəd keçidinə doğru hərəkət etdiyini bildirib.

Hökumət bütün imkanları səfərbər etdi

İspaniyanın Baş naziri Pedro Sançes hökumətin vəziyyətə müdaxilə etmək üçün bütün imkanlardan istifadə etdiyini açıqlayıb. İspaniyanın dövlət televiziyası TVE əlavə hərbi və təhlükəsizlik qüvvələrinin Ceutaya göndərildiyini, yeni bölmələrin də bölgəyə yönləndiriləcəyini bildirib. Ceuta muxtar rəhbərliyi isə Madrid hökumətindən milli fövqəladə vəziyyət elan edilməsini tələb edib.

Avropada Şengen müzakirəsi

İtaliyanın Baş nazir müavini və xarici işlər naziri Antonio Tayaninin sözlərinə görə, artan nizamsız miqrasiya Avropanın təhlükəsizliyi üçün ciddi risk yaradır.
Tayani Şengen zonasının sərhəd nəzarəti ilə bağlı İspaniyaya qarşı əlavə tədbirlərin görülməsini təklif edib və miqrasiya probleminin Avropa səviyyəsində həll edilməsinin vacibliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki