"Uşağımı atasına vermək istəyirəm" deyən anaların sayı artıb

Boşanma zamanı uşağın kimin yanında qalması məsələsində ənənəvi olaraq analara üstünlük verilsə də, son dövrlər bu mövzuda Azərbaycanda fərqli qərar verən qadınların sayı artır. Bəzi analar boşanmadan sonra övladının atasının himayəsinə verilməsini istəyir ki, bu da cəmiyyətdə müzakirələrə səbəb olur. Belə qərar verən qadınlar bəzən sosial qınaqla da üzləşirlər.

Bəs onları bu qərarı verməyə nə vadar edir?

Referans Media bildirir ki, Tanınmış hüquqşünas, mediator Zaur Quliyev  Manset.az-a açıqlamasında son dönəmlər Azərbaycanda boşanmalar zamanı bu hala tez-tez rast gəlindiyini təsdiqləyib. Onun sözlərinə görə, qadınların verdiyi bu qərarın arxasında bir sıra fərqli səbəblər dayanır:  

“Həqiqətən də, qaldırdığınız məsələ son dövrlər kifayət qədər aktual məsələdir. Həm hüquqşünas olaraq, həm mediator olaraq son dövrlərdə uşaqların atasının himayəsində qalmasına razılıq verən və ya da uşaqların atanın himayəsində qalması üçün mənə müraciət edən anaların sayında artımı mən də müşahidə edirəm. Bunun səbəbi isə təbii ki, müxtəlifdir. Bir mənalı olaraq demək olmaz ki, bu, mütləq çoxluq təşkil edir. Amma əvvəlki dövrlərlə müqayisədə belə müraciətlərin sayı artıb. Bunun səbəbləri müxtəlifdir. Amma hesab edirəm ki, bu, xüsusilə də, sosial və iqtisadi şəraitin dəyişməsindən asılı olan bir məsələdir. Belə ki, müraciət edən anaların əksəriyyəti uşaqların daha yaxşı gələcəyinin təmin olunması üçün uşaqların yüksək marağı baxımından uşaqların ata himayəsinə vermək istədiklərini qeyd edirlər. Onlar bunu onunla əsaslandırırlar ki, onların daimi yaşayış yeri yoxdur, onlar öz valideynlərinin yanlarına ya qayıda bilmirlər, ya qayıtmaq istəmirlər, ya da uşağı öz valideynlərinin və yaxud da öz qardaşlarının, qardaşları ailələrinin yanında böyütmək istəmirlər. Kirayədə yaşamaq, uşağı daha sağlam şəraitdə böyütmək üçün onların maddi imkanları buna yetmir. Hətta bugün mənim icraatımda olan bir mediator prosesində də ana uşağı atanın himayəsinə vermək istəyirdi. Bunun səbəbi isə atanın verəcəyi alimentin və ananın ailə əməkaqısı və digər gəlirlərinin kirayə haqqı və uşağı daha sağlam böyütmək üçün yetəcək məbləğ olmadığı ilə əsaslandırırdı”.

Hüquqşünas qeyd edib ki, ataların da bu halda məsələyə yanaşması birmənalı olmur. Əksər hallarda atalar bununla razılaşsalar da, burada aliment məsələsi yenidən mübahisələrə səbəb olur:

“Belə hallarda adətən analar aliment verməkdən imtina edir. Ona görə bəzən bu halda valideynlər ortaq məxrəcə gələ bilmirlər və mediasiya da saziş bağlaya bilmirlər, artıq iş məhkəmə müstəvisinə keçir. Yaxud da atalar uşaqları öz himayəsində saxlamağa razı olurlar, amma bir şərtlə ki, ana uşaqla görüş hüququndan imtina eləsin, uşaqla görüşmək istəməsin. Analar da bu halda bu şərtlə razılaşmaq istəmirlər. Amma hər bir halda hesab edirəm ki, vacib olan valideynlərin hüquqları və mənafeləri yox, uşağın kimdə qalması məsələsi elə dövlətimiz üçün də, məhkəmələr üçün də, uşağın yüksək mənafeyi baxımından həll olunmalıdır. Valideynlər bu qərarları verəndə özlərinin rifah halını yox, uşağın rifah halını düşünməlidirlər ki, uşaq hansı valideynin yanında qalarsa, bu uşaq üçün, uşağın mənafeyi üçün və uşağın gələcəyi üçün daha doğru olar. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bəzi hallarda anaların bu qərarları həqiqətən də doğru olur. Çünki onların daimi yaşamaq yerləri olmadığı və yaxud analar işlədiyi zaman uşağa qulluq eləmək üçün adam olmadığı halda uşağın mənafeyi baxımından bəzən atanın himayəsində verilməsi ən doğru və yerində atılmış addım ola bilər”, - deyə Z.Quliyev fikirlərini tamamlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki