Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş vermiş 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 35 nəfərə yüksəlib.
Yerli KİV-in məlumatına görə, zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altından xilas edilən 6 nəfərin vəziyyəti ağır olaraq qalır.
Təbii fəlakət nəticəsində 80 min ev təsərrüfatına su, 4 500 evə isə elektrik verilə bilmir. Hazırda 9 mindən çox insan müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Bundan başqa, bölgədə fəaliyyət göstərən 53 tibb müəssisəsində su və ya elektrik təchizatında problemlər davam edir.
Qeyd edək ki, zəlzələ yerli vaxtla iyulun 28-də 10 kilometr dərinlikdə qeydə alınıb və Kumamoto prefekturasında genişmiqyaslı dağıntılara səbəb olub. Yaponiya Sakit okeanın "Odlar halqası" adlanan yüksək seysmik aktiv zonasında yerləşdiyi üçün dünyanın zəlzələ riski ən yüksək olan ölkələrindən hesab olunur.
