“Azərbaycanda çıxarışsız, yəni dövlət qeydiyyatına alınmamış daşınmaz əmlakların alqı-satqısı qanunla qadağandır. Qanunvericiliyə əsasən yalnız mülkiyyət hüququ rəsmi şəkildə təsdiqlənmiş əmlakların satılması və alınması hüquqi cəhətdən mümkündür. Vətəndaş çıxarışı olmayan əmlakı alarkən ciddi risklərə məruz qalır. Belə ki, alqı-satqı prosesi notarial qaydada həyata keçirilmədiyindən, bu zaman alıcı əmlak üzərində hüquqi mülkiyyət əldə edə bilmir. Nəticədə əmlakın nə sığortalanması, nə də qanuni şəkildə satılması və ya bağışlanması mümkün olur”.
Referans xəbər verir ki,bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Azadov KONKRET.az-a açıqlamasında səsləndirib:
“Məsələnin digər tərəfi isə bu cür əmlaklarda yaşamaqla bağlı yaranan çətinliklərdir. Əgər həmin tikili yaşayış üçün nəzərdə tutulubsa, qeydiyyata düşmək, kommunal xidmətlərə qoşulmaq qeyri-mümkün olur”.Ekspert bildirib ki, çıxarışı olan torpaq sahələrinin belə, təyinatı uyğun deyilsə, tikinti işləri aparmaq mümkün olmur.
“Məsələn, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi tikmək qanunla yolverilməzdir. Bu halda nə tikintiyə icazə verilir, nə də kommunikasiya xətləri çəkilir.
E.Azadov vətəndaşlara xəbərdarlıq edir ki, daşınmaz əmlak alarkən yalnız rəsmi qeydiyyatdan keçmiş, çıxarışlı və notarial qaydada sənədləşdirilmiş əmlaklara üstünlük versinlər. Əks halda, alıcı həm maddi zərərə uğraya, həm də uzunmüddətli hüquqi problemlərlə üzləşə bilər.