Sevgi və evlilik münasibətlərində bürclərin uyğunluğu astroloji müzakirələrdə tez-tez diqqət çəkən mövzulardandır. Bəzi insanlar eyni ünsürə aid bürclərin bir-biri ilə daha yaxşı anlaşdığını düşünsələr də, astroloqlar münasibətlərin uyğunluğunu qiymətləndirərkən doğum xəritəsinin digər göstəricilərinin də nəzərə alınmalı olduğunu bildirirlər.
Referans Media-ya açıqlama verən astroloq Nərmin Zeynalova bildirib ki, yalnız Günəş bürclərinə əsaslanaraq insanlar arasında uyğunluq müəyyənləşdirmək düzgün deyil.
Onun sözlərinə görə, adətən eyni ünsürə aid bürclərin oxşar xüsusiyyətlərə malik olduğu və buna görə də bir-biri ilə daha uyğun gəldiyi düşünülür. Lakin astroloq vurğulayıb ki, uyğunluq təkcə Günəş bürcləri əsasında müəyyən edilmir.
O qeyd edib ki, şəxsi münasibətlərdə tərəflərin Günəş bürclərinin hansı olması böyük rol oynamır. Bu baxımdan, insanların doğum xəritələrinin detallarına diqqət yetirmək lazımdır.
Nərmin Zeynalovanın sözlərinə görə, evlilik və birgə yaşayış münasibətlərindən danışarkən Ay bürcü xüsusi əhəmiyyət daşıyır. Çünki insan evdə və gündəlik məişətdə daha çox Ay bürcünün xüsusiyyətlərini göstərə bilər.
Astroloq bildirib ki, bəzən insanlar evləndikdən sonra tərəfdaşlarının sevgili və ya nişanlı olduqları dövrdəkindən fərqli davrandığını düşünürlər. Onun fikrincə, bu, həmin şəxsin Ay bürcünün xüsusiyyətlərini daha çox göstərməyə başlaması ilə əlaqələndirilə bilər. Bununla belə, astroloq vurğulayıb ki, bu fərqlilik insanın pis xasiyyətli olması demək deyil. Ay bürcü Günəş bürcündən xeyli fərqli ola bilər.
Astroloq münasibətlərin təhlilində Venera bürcünün də nəzərə alınmalı olduğunu deyib. Onun sözlərinə görə, Veneranın doğum xəritəsində yerləşdiyi bürc insanın münasibətdən nə gözlədiyini göstərən amillərdən biri hesab olunur.
Nərmin Zeynalova qeyd edib ki, tərəfdaşların münasibətdən gözləntiləri fərqli olduqda aralarında münaqişələr yarana bilər. Məsələn, bir insan daha ciddi ailə münasibətləri istəyərkən, digəri tərəfdaşını ilk növbədə dost kimi görmək istəyə bilər. Başqa biri isə münasibətdə daha çox romantika gözləyə və bu istəyi qarşılanmadıqda narazılıq yaşaya bilər. Astroloqun fikrincə, belə problemlər tərəflərin Venera bürcləri ilə də əlaqələndirilə bilər.
O əlavə edib ki, eyni ünsürə aid bürclərin nümayəndələri evlənsələr də, bir-biri ilə yola getməyə bilərlər. Buna görə də münasibətlərdə uyğunluq məsələsi düşünüldüyündən daha mürəkkəbdir və tərəflərin doğum xəritələri bütövlükdə təhlil edilməlidir.
Astroloqun sözlərinə görə, doğum xəritəsindəki müəyyən aspektlər də tərəfdaşlar arasında münaqişələrə səbəb ola biləcək göstəricilər kimi qiymətləndirilir.
Gülnaz Abdullazadə
