Siyasi həyatına 12 dekabr 2019-cu ildə başlayan Türkiyənin Gələcək Partiyasının fəaliyyətinə qərargahında keçirilən tarixi qurultayla son qoyulub.
Referans Media xəbər verir ki, 180 nümayəndənin iştirakı ilə keçirilən səsvermədə 164 nəfər partiyanın buraxılmasına, 16 nümayəndə isə siyasi təşkilatın fəaliyyətini davam etdirməsinə səs verib.
Səslərin sayılmasından sonra Gələcək Partiyasının qanuni mövcudluğuna rəsmi olaraq xitam verilib.Partiya rəhbərliyinin qurultaydan sonra verdiyi son rəsmi açıqlamada 29 iyul 2026-cı ildə ictimaiyyətə elan edilən “Sabahın Türkiyəsi Uğrunda” adlı manifest geri çağırılıb.
Partiya siyasətdən çəkilmə qərarının korrupsiyalaşmış siyasi mühitin bir hissəsi olmaması ilə izah edib.
Bununla bağlı bəyanatda qeyd edilir:
“Gələcək Partiyasını səmimiyyət, ləyaqət və böyük həvəslə qurduğumuz kimi, bu gün də onu eyni səmimiyyət, ləyaqət, sağlam düşüncə, ortaq iradə və şərəflə bağlayırıq.
Bu gün verdiyimiz qərar təslim olmaq deyil, bu, inandığımız dəyərləri və siyasətin mənəvi təməlini qorumaq iradəsidir!
Quruluşumuzdan bu günə qədər işimizi dəstəkləyən bütün həmvətənlərimizə və vətəndaşlarımıza, xüsusilə də sədrimiz cənab Əhməd Davudoğluna minnətdarlığımızı bildiririk”.
Türkiyə siyasətində 7 il fəal rol oynayan Gələcək Partiyasının ləğvi ilə sədr Əhməd Davudoğlunun və partiya rəhbərliyinin gələcəyə dair “yol xəritəsi” maraq doğuran məsələyə çevrilib./Cebheinfo.az
