Kriştianu Ronaldo və Corcina Rodriqesin dəbdəbəli toyundan cəmi bir həftə keçməsinə baxmayaraq, futbolçunun ailəsində artıq ciddi dəyişikliklər baş verib.
Referans Media xəbər verir ki, Portuqaliya mətbuatının yaydığı məlumata görə, Corcina Ronaldonun üç uşağını rəsmi şəkildə övladlığa götürmək və onların qanuni anası statusunu almaq niyyətindədir.
Bildirilir ki, bu prosedur qapalı rejimdə həyata keçirilir. Portuqaliya mətbuatı bunu "gizli övladlığagötürmə" adlandırır, çünki cütlük lazımi hüquqi sənədləri ictimaiyyətə sızdırmadan, tam məxfi şəkildə rəsmiləşdirir.
Corcina 2016-cı ildən bəri Ronaldo ilə münasibətdədir və uzun müddətdir ki, onun övladlarının həyatında mühüm rol oynayır. Futbolçu özü də dəfələrlə qeyd edib ki, Corcina onlara öz uşaqları kimi yanaşır və bunun sayəsində ailədə çox sıx bir bağ formalaşıb.
Futbolçunun böyük oğlu kiçik Kriştianu Ronaldo 2010-cu ildə dünyaya gəlib. 2017-ci ilin iyununda isə başqa bir qadından olan əkizləri Eva Mariya və Mateo doğulub.
Elə həmin il Corcina ilk dəfə bioloji ana olub — cütlüyün Alana Martina adlı qızları dünyaya gəlib. 2022-ci ildə ailə daha da böyüyüb: Corcina Bella Esmeralda adlı qız övladı dünyaya gətirib.
Cütlüyün əkiz övladları da gözlənilirdi, lakin oğlanları Anxel doğum zamanı faciəvi şəkildə vəfat edib. Bu hadisədən sonra Corcina sosial şəbəkələrdə özü haqqında tez-tez dünyasını dəyişmiş oğlunu da daxil etməklə altı uşaq anası kimi bəhs edir.
İllər ərzində Corcina Ronaldonun uşaqları ilə birlikdə futbol matçlarında, ailə tədbirlərində və tətillərdə dəfələrlə görüntülənib. İndi isə onların bu münasibətləri rəsmi hüquqi status qazanmaq üzrədir./Redaktor.az/
