ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha iki qarşılaşması baş tutub.
Referans Media xəbər verir ki, Sietl stadionunda keçirilən oyunda Belçika millisi Seneqal yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə Avropa təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edərək adını 1/8 finala yazdırıb. Qeyd edək ki, Belçika G qrupunu lider, Seneqal isə I qrupunu üçüncü pillədə başa vurmuşdu.
1/16 finalın digər matçı isə San-Fransiskoda keçirilib. Ev sahibi ABŞ millisi Bosniya və Herseqovina yığmasını 2:0 hesabı ilə məğlub edib. Amerika komandasının heyətində qolları 45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman vurub.
Beləliklə, hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. Dünya çempionatının 1/8 finalında ABŞ və Belçika milliləri bir-birinə rəqib olacaq.
