Pentaqonun Ukraynaya hərbi yardımın dayandırılması barədə qərarı yalnız Ukraynada daha çox insanın həlak olmasına səbəb olmayacaq, həm də Donald Trampın bir həftə əvvəl verdiyi vədlərə ziddir.
Referans xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Hill” nəşri ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvlərinə istinadən yazıb.
Nəşr xatırladıb ki, yardımın dayandırılması barədə qərarı Pentaqonun siyasi şöbəsinin rəhbəri Elbric Kolbi qəbul edib.
“Cənab Kolbi Ukraynaya hərbi yardımın əleyhinə çıxış etmişdi və hətta Rusiyanın hərəkətlərini Ukraynanın “işğal”ı kimi tanımaqdan imtina etmişdi. İndi ukraynalı hərbçilərin və mülki şəxslərin qaçılmaz şəkildə həlak olması ilə nəticələnəcək addımlar atır”, – deyə Nümayəndələr Palatasının üzvü, demokrat Marsi Kaptur bildirib.
O vurğulayıb ki, Ukraynadakı “Patriot” sistemləri hər gün insan həyatını xilas edir.