İran–İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana ərzaq məhsulları gətirilmir. Baxmayaraq ki, hazırda bu iki ölkə arasında olan savaşın dayandırıldığı bildirilir. Lakin bu müddət ərzində İranda bir çox sahələrdə istehsalın da zəifləməsi də qaçılmaz idi. Məlumdur ki, İrandan ölkəmizə bir sıra ərzaq və qida məhsulları da gətirilir. Azərbaycanda bəzi sahibkarların sözlərinə görə İrandan yağ, pendir, quru meyvələr və bu kimi digər məshullar artıq bir neçə gündür ki, gəlmir.
Baş verən bu savaşın təbii ki, mənfi təsirləri daha sonra hiss oluna bilər. Ümumiyyətlə bu gərginliyin fonunda sözügedən məhsulların Azərbaycanda bahalaşması gözlənilirmi? Belə məhsullarla bağlı ölkəmizdə vəziyyət necədir?
Mövzu ilə bağlı siyasi və iqtisadi məsələlər üzrə ekspert, politoloq Natiq Cəfərli Referans mediaya açıqlama verib. Müsahibimiz bildirib ki, İran İslam Respublikasından Azərbaycana bu kimi malların gətirilməsində problem yaşanırsa və həmin məhsulların davamı gəlmirsə o zaman iki proses baş verir. Bunlardan biri odur ki, həmin məhsullar ya bazardan tamamilə təcrid olunur. İkinci proses bu məhsulların qiymətlərində artımın müşahidə olunması ilə bağlı olur.
İqtisadi məsələlər üzrə ekspertin qənaətinə görə, yaranmış bu vəziyyət bir müddət belə davam edəcək. Bir müddətdən sonra şübhəsiz ki, əlaqələr bərpa olunacaq. Müsahibimiz onu da xüsusilə vurğulayıb ki, biznes elə bir məhfumdur ki, o özünə istənilən halda həmişə bir yol tapır. Çünki bu işdən pul qazanan şəxslər mütləq şəkildə bir yol tapacaqlar və həmin malları Azərbaycana gətirəcəklər.
Bununla belə vəziyyətdən asılı olaraq risk imajı da qiymətlərin üzərinə əlavə edilə bilər. Beləliklə də haqqında danışdığımız məhsulların satışında qiymətlərin artımı müşahidə oluna bilər. Biz sözlə yəni, logistika nə qədər risklidirsə bir o qədər də qiymət bahalaşa bilər”, – deyə Natiq Cəfərli qeyd edib.
Məmmədov Hüseyn
Referans