Azərbaycanda dizel və benzin qiymətlərinin artması kənd təsərrüfatı sektorunda yeni qiymət dalğası ilə bağlı narahatlıqları artırıb və bu prosesin ərzaq bazarına birbaşa təsir göstərəcəyi istisna edilmir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans Media-ya açıqlamasında bildirib ki, kənd təsərrüfatı məhsullarının bahalaşması dizel yanacağının qiymət artımı ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, kənd təsərrüfatında əsas enerji mənbəyi məhz dizel yanacağıdır və bu amil məhsulların maya dəyərinin formalaşmasında mühüm rol oynayır.
İqtisadçı qeyd edib ki, yanacağın maya dəyərindəki payı məhsulun növündən asılı olaraq dəyişir və bəzi hallarda bu pay kifayət qədər yüksək olur. Məhz buna görə də dizel yanacağının qiymətindəki artım kənd təsərrüfatı məhsullarının satış qiymətlərinə birbaşa təsir göstərir.
Akif Nəsirli misal olaraq bildirib ki, indiyədək torpaq şumlama xidmətləri müəyyən məbləğlə həyata keçirilirdisə, dizelin bahalaşması nəticəsində bu xidmətlərin qiymətində təxminən 10 faiz artım müşahidə oluna bilər. Onun sözlərinə görə, dizel yanacağının bahalaşması 2026-cı ildə kənd təsərrüfatı məhsullarında ötən ilin qiymətlərinin qorunub saxlanılmasını mümkünsüz edir.
İqtisadçı əlavə edib ki, kənd təsərrüfatı məhsullarında qiymət artımı 3, 5 və hətta 10 faiz aralığında dəyişə bilər. O, son dörd il ərzində dizel yanacağının qiymətinin ümumilikdə 60 faiz artdığını xatırladaraq, bu prosesin bazara təsirinin qaçılmaz olduğunu vurğulayıb.
Gülnaz Abdullazadə























