Dövlət şirkətlərində kütləvi ixtisarlar gözlənilir – Hansı qurumlar bağlanacaq?

Azərbaycanda dövlət büdcəsinə əlavə yük yaradan, zərərlə işləyən və dividend ödənişlərini həyata keçirməyən dövlət müəssisələrinin gələcək taleyi yenidən gündəmə gəlib. Hesablama Palatası 2027-ci il dövlət büdcəsi ilə bağlı rəyində belə müəssisələrin fəaliyyətinin optimallaşdırılmasını, zərurət yarandığı təqdirdə isə ləğv və ya özəlləşdirmə imkanlarının nəzərdən keçirilməsini təklif edib. Bu yanaşma bir sıra iri dövlət şirkətlərində struktur dəyişikliklərinin, birləşmələrin və mümkün ixtisarların gündəmə gələcəyinə dair müzakirələrə yol açıb.

Bəs konkret olaraq hansı dövlət müəssisələri bu prosesin əhatə dairəsinə düşə bilər?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi baxımından ilk növbədə zərərlə işləyən, dividend ödəməyən və səmərəliliyi aşağı olan dövlət müəssisələrinin fəaliyyəti nəzərdən keçirilməlidir.

Onun sözlərinə görə, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə dair rəyində də divident ödənişlərini həyata keçirməyən dövlət müəssisələrinin, o cümlədən onların törəmə strukturlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanır.

İqtisadçı diqqətə çatdırıb ki, 2025-ci il dekabrın 29-da təsdiqlənmiş dividend siyasətinə əsasən, dövlət müəssisələrinin xalis mənfəətinin minimum 30 faizinin dividend şəklində ödənilməsi nəzərdə tutulur. Müəssisə iki il ardıcıl zərərlə işlədikdə isə Maliyyə Nazirliyi bunun səbəblərini araşdırmalı və müvafiq təkliflərini Prezidentə təqdim etməlidir.

Razi Abbasbəylinin fikrincə, bu baxımdan diqqət çəkən qurumlardan biri “Bakı Metropoliteni” QSC-dir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2024-cü ilin sentyabrında dərc etdiyi “Azərbaycan İnvestisiya Holdinqinin və onun dövlət müəssisələrinin korporativ idarəetməsinin icmalı” adlı hesabatda da metropolitenin idarəetmə və maliyyə şəffaflığı məsələləri qiymətləndirilib.

İqtisadçı qeyd edib ki, “Bakı Metropoliteni” QSC-nin 2018–2022-ci illər üzrə maliyyə nəticələri diqqət çəkir. Həmin dövrdə müəssisənin illik zərəri 2018-ci ildə 32,3 milyon, 2019-cu ildə 32,4 milyon, 2020-ci ildə 23 milyon, 2021-ci ildə 40,7 milyon, 2022-ci ildə isə 48,7 milyon dollar təşkil edib. Beləliklə, beş il ərzində ümumi zərər 177,1 milyon dollara çatıb. Həmin illərdə şirkət üzrə dividend ödənişi də qeydə alınmayıb.

Onun qənaətinə görə, digər diqqətçəkən istiqamətlərdən biri SOCAR-ın strukturudur. İqtisadçı hesab edir ki, şirkətin kiçik və səmərəliliyi aşağı olan törəmə müəssisələrinin ləğvi və ya birləşdirilməsi 2027-ci ildə gündəmə gələ bilər. SOCAR-ın idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq audit və qiymətləndirmə sənədlərində də müxtəlif tövsiyələr yer alır.

Razi Abbasbəyli struktur dəyişikliklərinin Azərbaycan Dəmir Yolları, AZAL və “Azərişıq” kimi dövlət şirkətlərini də əhatə edə biləcəyini düşünür. Onun fikrincə, bu qurumlarda ayrı-ayrı funksiyaların birləşdirilməsi, təkrarlanan idarəetmə strukturlarının aradan qaldırılması və xərclərin optimallaşdırılması istiqamətində addımlar atıla bilər.

İqtisadçı BakuBus və “Təmiz Şəhər” ASC-nin də maliyyə vəziyyətinə diqqət çəkib. Onun sözlərinə görə, OECD-nin dövlət müəssisələri ilə bağlı araşdırmasında bu şirkətlər zərərlə işləyən müəssisələr sırasında göstərilib.

Keçmiş “Azərsu” ASC-nin fəaliyyəti əsasında yaradılmış və hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də diqqətə alınmalı qurumlardandır. İqtisadçının təqdim etdiyi məlumatlara əsasən, qurum 2020–2024-cü illəri əhatə edən beş hesabat ili ərzində ümumilikdə 1 milyard 427,37 milyon manat xalis zərər edib.

Bundan başqa, “Azərxalça” ASC-nin də maliyyə göstəriciləri diqqət çəkir. 2025-ci ilin sonuna şirkətin yığılmış zərərinin 24,6 milyon manata çatdığı bildirilir.

İqtisadçı fəaliyyət göstərməyən və ya səmərəliliyi aşağı olan törəmə müəssisələrin də optimallaşdırma prosesinə cəlb edilə biləcəyini vurğulayıb. OECD-nin hesabatında Azərbaycan Beynəlxalq Bankının xaricdəki iki törəmə müəssisəsinin – Rusiyada fəaliyyət göstərən “ABB-Moskva” MMC və Gürcüstandakı “ABB-Geo” QSC-nin fəaliyyət göstərmədiyi qeyd olunur.

Özəl investisiyaların cəlb edilməsi məsələsinə toxunan Razi Abbasbəyli SOCAR-ın bəzi istehsal aktivlərinin də bu baxımdan nəzərdən keçirilə biləcəyini bildirib. OECD-nin araşdırmasında 2023-cü ilin avqustunda özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan müəssisələr sırasında “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu və Metanol zavodunun da adı çəkilir. Bu isə həmin aktivlərə özəl kapitalın cəlb edilməsi imkanlarının mövcudluğunu göstərir.

İqtisadçı hesab edir ki, sadalanan iri dövlət şirkətlərinin tamamilə özəlləşdirilməsi real görünməsə də, onların daxilində struktur dəyişiklikləri, ixtisarlar və ayrı-ayrı bölmələrin birləşdirilməsi mümkündür. Xüsusilə Azərbaycan Dəmir Yolları, AZAL, SOCAR, ABB, “Azərxalça” və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində idarəetmə xərclərinin azaldılması istiqamətində tədbirlər həyata keçirilə bilər.

Razi Abbasbəylinin qənaətinə görə, büdcəyə yük yaradan dövlət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması prosesi genişlənərsə, törəmə strukturların birləşdirilməsi və ləğvi ilə yanaşı, ştat vahidlərinin azaldılması da gündəmə gələ bilər. Bu isə bəzi dövlət şirkətlərində kadr ixtisarları ilə nəticələnər.

Beləliklə, 2027-ci ildə dövlət müəssisələrinin maliyyə dayanıqlığının artırılması istiqamətində atılacaq addımlar təkcə şirkətlərin strukturuna deyil, həm də onların əməkdaşlarının gələcək fəaliyyətinə təsir göstərə bilər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki