Ermənistanın dövlət sərhədini qanunsuz keçərək Sünik vilayətinin Şəki kəndində bir qadına odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Rəhim oğlu Musayevin cinayət işi məhkəməyə göndərilib.
Referans Media xəbər verir ki, iş Sünik Vilayət Məhkəməsinin hakimi Hraç Daçyuntsa həvalə olunub.
İttiham aktına əsasən, Nəsimi Musayev 2026-cı il sentyabrın 26-da saat 20:00–22:00 arasında Ermənistanın dövlət sərhədini qanunsuz keçib. O, Sünik vilayətinin İşxanasar yaşayış məntəqəsinin inzibati ərazisindən Ermənistan ərazisinə daxil olub.
İddia olunur ki, Musayev özü ilə Ermənistana “AKM” markalı avtomat, 140 döyüş və 10 boş patron, həmçinin süngü-bıçaq keçirib:
“Bundan sonra o, Sisian icmasının Şəki kəndinə gedib. İttihama görə, sentyabrın 30-dan oktyabrın 1-dək olan müddətdə 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz daxil olaraq mobil telefon, ağıllı saat, şalvar, 9 min dram, bank kartı və iki ayaqqabı oğurlayıb. Ev sahibi Ani Avetisyana ümumilikdə 26 min dram məbləğində maddi ziyan vurulub.
Oktyabrın 1-də saat 14:00 radələrində evdə yaşayan azyaşlılar Rozi və Kacik Avetisyan geri qayıdıblar. İttiham aktında bildirilir ki, Musayev onları hədələyib, qonaq otağındakı divanda oturmağa məcbur edib, mobil telefonlarını alıb və göstərdiyi yerdə qalmağı tələb edib.
Daha sonra evə Ani Avetisyan da gəlib. İttihama əsasən, Musayev ona avtomatdan altı dəfə atəş açıb. Atəşlərdən biri qadının sol bud nahiyəsinə dəyib. Bundan sonra o, qadını çarpayıya yıxaraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.
Hadisədən sonra Musayev qaçaraq Şəki kəndinin 6-cı küçəsində yerləşən 26 nömrəli evin yaxınlığındakı tövlədə gizlənib. Həmin gün saat 16:15-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.
Qeyd edək ki, bu, Ermənistan tərəfinin hazırladığı ittiham aktıdır./Globalinfo.az/
