Yaxın Şərqdə davam edən gərginlik fonunda Məhəmməd bin Zayed Əl Nəhyan Dubayda II Abdullah ilə görüş keçirib. Görüşün əsas mövzusu İranın region ölkələrinə qarşı hərbi fəaliyyəti və artan təhlükəsizlik riskləri olub.
Referans Media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi “Emirates News Agency”nin məlumatına görə, liderlər İranın regiondakı fəaliyyətlərini tənqid edərək bunun dövlətlərin suverenliyini və beynəlxalq hüquq normalarını pozduğunu vurğulayıblar.
Görüş zamanı təhlükəsizlik məsələləri xüsusi yer tutub.
İordaniya kralı II Abdullah BƏƏ-nin təhlükəsizliyini qorumaq üçün atdığı addımlara tam dəstək verdiklərini bildirib.
BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed isə öz növbəsində İordaniyanın suverenliyinə yönələn hər hansı təhdidə qarşı ölkəsinin “sarsılmaz həmrəylik” nümayiş etdirəcəyini qeyd edib.
Liderlər regionda hərbi gərginliyin azaldılması və böhranların həllində diplomatik yolların prioritet olmalı olduğunu bildiriblər. Bununla yanaşı, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndiriləcəyi vurğulanıb.
Görüşdən yayılan görüntülər sosial mediada da geniş müzakirələrə səbəb olub. Fotolarda liderlərin əlində su şüşələrinin olması diqqət çəkib. Ramazan ayı olması səbəbilə bəzi sosial media istifadəçiləri iki müsəlman liderin oruc tutmaması ilə bağlı müxtəlif şərhlər paylaşıb. Bu detal görüşün siyasi mesajları ilə yanaşı internetdə ən çox müzakirə olunan məqamlardan birinə çevrilib.
