image-iran-meclisi-nden-hurmuz-bogazi-nda-gecis-ucreti-uygulamasi-19701179_8565_ampbackend

Dünya enerji bazarları həyəcan içində: İran Hörmüz planını açıqladı

İran parlamentində Hörmüz boğazı üzərindən keçidləri tənzimləyən yeni qanun layihəsi mühüm mərhələni keçib. Layihə parlamentin Milli Təhlükəsizlik Komissiyasında təsdiqlənib və qəbul ediləcəyi təqdirdə qlobal enerji ticarətinə ciddi təsir göstərə bilər.

Referans Media xəbər verir ki, qanun layihəsi boğazdan keçən gəmilər üçün ödəniş tətbiq edilməsini, bəzi ölkələrə isə məhdudiyyət qoyulmasını nəzərdə tutur. Sənəddə xüsusilə Amerika Birləşmiş Ştatları və İsrail üçün keçid qadağasının tətbiqi də yer alır.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mojtaba Zarei bildirib ki, layihədə maliyyə məsələləri xüsusi yer tutur. Onun sözlərinə görə, boğazdan keçid üçün ödənişlərin İranın milli valyutası – riyal ilə alınması nəzərdə tutulur.

Qanun layihəsində həmçinin İrana qarşı sanksiyalara qoşulan ölkələrə məhdudiyyətlərin tətbiqi, İranın boğaz üzərində suverenlik rolunun gücləndirilməsi və silahlı qüvvələrin səlahiyyətlərinin genişləndirilməsi kimi maddələr də yer alıb.

Qanunun qəbul prosesi davam edir

Layihənin qüvvəyə minməsi üçün əvvəlcə İran parlamentinin plenar iclasında qəbul olunması, daha sonra isə Konstitusiya Mühafizəçiləri Şurasının təsdiqi və prezidentin imzası tələb olunur.

Enerji bazarları diqqətlə izləyir

Dünya neft ticarətinin böyük hissəsinin keçdiyi Hörmüz boğazı ilə bağlı bu təşəbbüs qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Ekspertlər hesab edir ki, layihə qanunlaşarsa, neft və LNG daşımalarında gecikmələr yarana, qiymətlər isə sürətlə arta bilər.

Keçid haqqı müzakirələri

Bundan əvvəl İran parlamentinin digər üzvü Əlaəddin Borucerdi bəzi gəmilərdən artıq 2 milyon dollara qədər keçid haqqı alındığını bildirmişdi. Bu açıqlama qanun layihəsinin iqtisadi təsirləri ilə bağlı müzakirələri daha da gücləndirib.

Analitiklər hesab edir ki, bu təşəbbüs qəbul edilərsə, Hörmüz boğazı sadəcə beynəlxalq tranzit marşrutu olmaqdan çıxaraq siyasi və iqtisadi təzyiq alətinə çevrilə bilər. Bu isə həm enerji təhlükəsizliyinə, həm də qlobal ticarət zəncirlərinə ciddi təsir göstərə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki